“Azərbaycan Dil Qurumu” “Dövlət dili haqqında” qanunu pozan dövlət və özəl müəssisələrin cəzalandırılması üçün məhkəməyə müraciət edib

“Azərbaycan Dil Qurumu” “Dövlət dili haqqında” qanunu pozan dövlət və özəl müəssisələrin cəzalandırılması üçün məhkəməyə müraciət edib
# 04 iyun 2012 13:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Azərbaycan Dil Qurumu” İctimai Birliyi “Dövlət dili haqqında” qanunun tələblərini pozan dövlət və özəl müəssisələrin hüquqi qaydada cəzalandırılması üçün məhkəməyə müraciət edib. APA-nın məlumatına görə, “Azərbaycan Dil Qurumu” İctimai Birliyinin sədri Sabir Rüstəmxanlı deyib ki, “Dövlət dili haqqında” qanunun 10 ildən artıqdır qüvvədə olmasına baxmayaraq, indiyə qədər heç bir müəssisə və ya təşkilat bu qanunun tələblərini pozduğuna görə inzibati məsuliyyətə cəlb olunmayıb: “Bu addımla biz həm də bir ənənə yaratmaq niyyətindəyik. Sahibkarlar və dövlət qurumları dil qanununu pozduqları üçün gec-tez məsuliyyətə cəlb olunacaqlarını bilməlidirlər”.

Məhkəmə iddialarının Bakı şəhərindəki reklam lövhələri və xidmət obyektləri adlarının dövlət dilinə uyğunlaşdırılması və ana dilinin işləkliyinin genişlənməsinə ciddi təsir göstərəcəyinə əmin olduğunu bildirən S. Rüstəmxanlı sahibkarlara xəbərdarlıq da edib: “Müəssisə adlarını və menyüləri xarici dildə yazan və dil qanununu pozanlara bir daha xəbərdarlıq edirik ki, bu nöqsanları aradan qaldırsınlar”.

İctimai Birliyin hüquqşünası Məhəmməd Qadaşlı isə bildirib ki, məhkəmə işlərinə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılacaq: “Lövhənin hazırlanması üçün təqdim edilən adı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qeydiyyatdan keçirir. Yəni adların əcnəbi dildə yazılmasını təklif edən şirkətlə bərabər, ondan daha artıq məsuliyyəti sözügedən dövlət komitəsi daşıyır. Ona görə də qanunvericiliyə müvafiq olaraq həm şirkətlərin, həm də dövlət komitəsinin cəzalandırılması barədə iddia qaldırmışıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR