Dilçiliyin inkişafına dair Dövlət Proqramının hazırlanması üzrə AMEA-nın İşçi Qrupunun ilk iclası keçirilib

Dilçiliyin inkişafına dair Dövlət Proqramının hazırlanması üzrə AMEA-nın İşçi Qrupunun ilk iclası keçirilib
# 06 iyun 2012 13:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın hazırlanması üzrə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşçi Qrupunun ilk iclası keçirilib. APA-nın məlumatına görə, İşçi qrupuna AMEA-nın, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Xarici Dillər Universitetinin mütəxəssisləri, AMEA-nın Naxçıvan filialı və Gəncə Regional Elmi Mərkəzinin üzvləri, mədəniyyət və turizm, təhsil, rabitə və informasiya texnologiyaları nazirliklərinin nümayəndələri daxildir.
İclasda AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi Kamal Abdullayev ölkə prezidentinin dövlətçiliyin başlıca rəmzlərindən olan ana dilinə olan qayğısını, Azərbaycanda dilçilik elmi sahəsində vəziyyətin əsaslı surətdə yaxşılaşdırılmasını təmin etmək məqsədilə imzaladığı sərəncamı böyük hadisə kimi qiymətləndirib. K. Abdullayev Humanitar və İctimai Elmlər Bölməsinin iyunun 1-də keçirilən iclasında İşçi Qrupunun dilçilərdən ibarət ilkin tərkibinin təsdiq olunduğunu bildirib. Sonra həmin qrupa daxil ediləcək digər aidiyyəti qurumların nümayəndələri haqqında təkliflər müzakirə olunub. Dövlət Proqramının hazırlanması prosesinə həmçinin Ədliyyə Nazirliyi, Bakı Şəhər İcraiyyə Hakimiyyəti, Milli Televiziya və Radio Şurası, Mətbuat Şurasının İdarə Heyəti və Yazıçılar Birliyinin nümayəndələrinin də cəlb edilməsi nəzərdə tutulub. İclasda qrup üzvlərinin Dövlət Proqramının hazırlanmasına dair təkliflərinin Humanitar və İctimai Elmlər Bölməsinə təqdim edilməsi xahiş edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR