Tərtərdə 4 rayonun gənclərinin iştirakı ilə konfrans keçirilib - FOTO

Tərtərdə 4 rayonun gənclərinin iştirakı ilə konfrans keçirilib - <font color=red>FOTO</font>
# 07 iyun 2012 13:35 (UTC +04:00)
Bakı-APA. Tərtər şəhərində UNICEF-n dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi çərçivəsində 1-ci konfrans keçirilib. BAMF-dən APA-ya verilən məlumata görə, konfransda Yevlax, Bərdə, Goranboy və Tərtər rayonlarından layihə çərçivəsində yaradılmış Təbliğat Qruplarının rəhbərləri və üzvləri olan gənclər iştirak edib. Tədbirə UNİCEF-in ölkə rəhbəri Mark Herevard, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, adıçəkilən rayonların icra hakimiyyətlərinin müavin və məsul işçiləri, vətəndaşlıq vəziyyəti aktı idarələrinin rəhbərləri, narkoloji dispanserlərin mütəxəssisləri, dini icma rəhbərləri, polis orqanlarının narkomaniya ilə mübarizə üzrə əməkdaşları, layihə heyəti və rayon ictimaiyyətinin nümayəndələri də qatılıblar.

Tədbiri Bərdə Təbliğat Qrupunun rəhbəri Ulviyyə Babayeva və Yevlax Təbliğat Qrupunun üzvü Samir Kərimov aparıblar. Konfransı giriş sözü ilə BAMF-ın sədri, layihənin rəhbəri Umud Rəhimoğlu açıb. O, layihənin əhəmiyyətindən danışaraq BAMF-ın bu sahədə həyata keçirdiyi işlərdən danışıb. BAMF-ın sədri bildirib ki, bu, BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə xidmət edən bu layihə təşkilatımızın tərcümeyi-halında çox önəmli bir hadisədir.

Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı C.Cəfərov konfrans iştirakçılarını salamlayaraq Azərbaycanda, o cümlədən Tərtər rayonunda dövlət tərəfindən gənclərlə bağlı görülən işlərdən söz açıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2012-2017-ci illər üçün hazırlanıb qəbul edilən Gənclərlə bağlı Dövlət Proqramının vacibliyini vurğulayıb. C.Cəfərov prezident İlham Əliyevin tapşırığı ilə Tərtərdə gənclər mərkəzinin tikintisinə başlandığını deyib. O, belə bir mötəbər konfransın Tərtər rayonunda keçirilməsindən məmnun qaldığını dilə gətirib.

M.Herevard gənclərin və uşaqların inkişafına UNİCEF-in dəstəyindən danışıb, Azərbaycandakı fəaliyyətləri barədə ətraflı məlumat verib. Bu layihədə onlar daha çox gənclərin özlərini ifadə etmələrinə şərait yaradılmasına üstünlük verdiklərini söyləyib. BAMF-ın departament rəhbəri, layihənin əsas koordinatoru Nik Nvolisa layihə və icranın gedişi barədə məlumat verib. İcra strukturlarının nümayəndələri, müvafiq qurumların təmsilçiləri, UNİCEF-in əməkdaşları, layihə heyəti, Təbliğat Qrupu üzvləri çıxış edərək öz fikirlərini söyləyiblər.

Konfrans iştirakçıları tədbir başa çatdıqdan sonra Tərtər şəhərində inşa edilən Gənclər Mərkəzinin tikinti meydanına baş çəkiblər .

Qeyd edək ki, icrasına 2011-ci ilin oktyabrından başlanan və bu ilin sonunadək davam edəcək layihənin əsas məqsədi gənclərin idarəçiliyə daha yaxından cəlb olunmaları istiqamətində onları təlimləndirmək, bununla da gəncləri ətraflarında baş verən hadisələrə daha fəal diqqət yetirməyə həvəsləndirmək və müsbət dəyişiklikləri müdafiə etməkdən ibarətdir. Bu məqsədlə 6 istiqamət üzrə - narkotikdən istifadə, erkən evlilik, sağlam həyat tərzi, ətraf mühitin mühafizəsi, gənclərin sosial-iqtisadi inkişaf proseslərində iştirakı və zəif, unudulmuş insanların cəmiyyətə inteqrasiyası ilə bağlı təlimlər keçiriləcək.

Layihə Azərbaycan Gənclər və İdman Nazirliyinin yerlərdəki idarələri, rayonların icra strukturları və digər qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR