Azərbaycanda növbəti buraxılış imtahanları keçirilib

Azərbaycanda növbəti buraxılış imtahanları keçirilib
# 08 iyun 2012 13:02 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Sumqayıt, Abşeron, Xətai, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmaz şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI sinif şagirdləri üçün buraxılış imtahanı keçirib. TQDK mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, artıq imtahanlar yekunlaşıb: “İmtahan normal qaydada başa çatıb. Hazırda adları çəkilən rayonlar üzrə IX sinif şagirdləri üçün imtahan keçirilir”.

İmtahanın gedişini izləmək üçün TQDK sədri Məleykə Abbaszadə Şamaxı və İsmayıllı şəhərlərində olub. Hər iki şəhərdə imtahan keçirilən binalarla, imtahan prosesi ilə tanış olan TQDK sədri göstərişlər verib. E. Nağızadə bildirib ki, axşam saatlarında imtahan sənədləri TQDK-ya qaytarılacaq.

Qeyd edək ki, buraxılış imtahanı Ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.

Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Səhhəti, ailə vəziyyəti ilə bağlı Buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyul ayının 4-də buraxılış imtahanı verəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR