Kürdə suyun səviyyəsi azalır

Kürdə suyun səviyyəsi azalır
# 12 iyun 2012 10:33 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 65-70, Kiçik Qafqazın çaylarında 60-85, Lənkəran-Astara bölgəsi çaylarında 65-80, Naxçıvan MR çaylarında isə normanın 20 faizini təşkil edir.

Məlumatda bildirilir ki, iyun ayının 1-dən etibarən Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 89 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 175 kubmetr/saniyə olmaqla, ongünlük normanın 30 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində isə iyunun 1-dən etibarən suyun səviyyəsində 37 santimetr azalma müşahidə edilib. Məntəqədə su sərfi 148 kubmetr/saniyə olmaqla, ongünlük normanın 88 faizini təşkil edir.

İyunun 1-dən etibarən Kür çayının aşağı axınında da suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Surra məntəqəsində suyun səviyyəsi 19, Şirvanda 28, Salyanda 20, Bankədə 13, Araz çayının Novruzlu məntəqəsində isə 24 santimetr azalıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 356, Şirvanda 217, Salyanda 183, Bankədə 219, Araz çayının Novruzlu məntəqəsində isə 74 santimetrdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR