Azərbaycanda magistraturaya proqram seçimi başa çatıb

Azərbaycanda magistraturaya proqram seçimi başa çatıb
# 12 iyun 2012 21:01 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 4-də keçirilmiş magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələrinə əsasən, müsabiqə şərtlərini ödəyərək imtahanın ikinci mərhələsinə buraxılmış bakalavrlar iyunun 4-dən proqram seçiminə başlayıblar.
Proqramı seçib təsdiq etmiş bakalavrlar iyunun 20-dən 23-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər. Magistraturaya qəbul imtahanının ikinci mərhələsi iyunun 24-da Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.
İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.
Qeyd edək ki, bu il magistratura səviyyəsi üzrə ayrılmış plan yerlərinin ümumu sayı 5 faiz artaraq 6107 yer təşkil edib (ötən il 5815 yer). Dövlət sifarişi üzrə ayrılmış yerlərin sayı ötən illə müqayisədə 14 faiz artıb. Belə ki, cari ildə magistraturaya dövlət sifarişi üzrə qəbul aparılacaq yerlərin sayı 2387-dir (ötən il 2095 yer).
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR