Kür və Araz transsərhəd çaylarında keçirilən növbəti monitorinqin nəticələri açıqlanıb

Kür və Araz transsərhəd çaylarında keçirilən növbəti monitorinqin nəticələri açıqlanıb
# 13 iyun 2012 08:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyun ayının I ongünlüyü üçün növbəti monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyunun I ongünlüyündə Kür çayında suyun sərfi may ayının III ongünlüyünə nisbətən 131 m3/san azalaraq 317 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib. Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 3, mis birləşmələri 4, Ağstafaçayda fenollar və mis birləşmələri 3 dəfə normanı keçib, Ağstafaçay su anbarında isə fenollar norma daxilində olub, mis birləşmələri 4 dəfə yol verilən həddi keçib.

Monitorinqlərin nəticələrinə görə, Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 3, I Şahsevən məntəqəsində mis birləşmələri 4, fenollar 3, Bəhramtəpə məntəqəsində isə fenollar 2, mis birləşmələri 4 dəfə normanı keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.45-6.60 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR