Səttar Mehbalıyev: “Biz istəyirik ki, kollektiv saziş imzalanmadan öncə şirkətdə çalışan işçilərin hamısının iştirakı ilə sənəd müzakirə olunsun”

Səttar Mehbalıyev: “Biz istəyirik ki, kollektiv saziş imzalanmadan öncə şirkətdə çalışan işçilərin hamısının iştirakı ilə sənəd müzakirə olunsun”
# 13 iyun 2012 13:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Bəzi hallarda işəgötürənlə həmkarlar təşkilatı arasında komissiya yaradılmır. Bəzən həmkarlar təşkilatının sədri ilə özəl şirkət rəhbəri ikilikdə sənədləşmə aparırlar”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev deyib.

AHİK sədri Baş Kollektiv Sazişin imzalanması prosesində yaranan neqativ hallara öz münasibətini bildirib: “Biz istəyirik ki, kollektiv saziş imzalanmadan öncə şirkətdə çalışan işçilərin hamısının iştirakı ilə sənəd müzakirə olunsun və bundan sonra imzalanma həyata keçirilsin. Çünki sazişdə öhdəliklər və güzəştlər öz əksini tapıb. Bu güzəştlərdən kollektivin xəbəri olmalıdır. Bəzi hallarda işçilərin bundan xəbəri olmur. Biz bu prosesin aşkarlıq şəraitində həyata keçirilməsinin tərəfdarıyıq”.

S. Mehbalıyev bildirib ki, vətəndaşların əmək və sosial hüquqlarının təmin edilməsi, iqtisadi vəziyyətinin yaxşılaşdırılması birbaşa həmkarlar təşkilatlarının hüquqlarına aiddir. Onun sözlərinə görə, bu işəgötürənin hüquqlarının məhdudlaşdırılması demək deyil: “Çalışmalıyıq ki, işəgötürənin də hüquqları qorunsun. Elə etməliyik ki, işə götürən sərmayə qoyduğu yerdən qazanc əldə edə bilsin. Həmkarlar təşkilatlarının şirkətdən bütün vəsaiti sosial vəziyyətin yaxşılaşdırılmasına yönəltməsini tələb etmək də düzgün deyil. İqtisadi vəziyyəti təhlil etdikdən sonra sosial tələblər irəli sürülməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR