Mahmud Kərimov AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərin gecikməsinin səbəblərini açıqlayıb

Mahmud Kərimov AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərin gecikməsinin səbəblərini açıqlayıb
# 13 iyun 2012 13:32 (UTC +04:00)
AMEA prezidenti Mahmud Kərimov APA-ya açıqlamasında bildirib ki, AMEA-ya seçkilər payızda, hətta ola bilsin ki, ilin sonunda keçirilsin: “Bu il ərzində seçkilər keçiriləcək. Gecikmənin bir neçə səbəbi var. Sənəd qəbulu zamanı bəzi uyğunsuzluqlar olub. Yenidən elan verilməyəcək, amma müəyyən düzəlişlər olunmalı və tam hazır olandan sonra seçkilər keçirilməlidir. Əsas uyğunsuzluq halı ixtisaslara uyğun olmayan namizədlərin sənəd verməsidir. Belə hallar çox olub. Başqa qüsurlar da olub. Çalışırıq ki, indi bunları düzəldək. Bu halları təhlil edib belə nəticəyə gəldik ki, AMEA-ya seçkiləri təxirə salsaq, daha məqsədəuyğun olar”.

M. Kərimov bildirib ki, hazırda yay mövsümüdür və AMEA-da yay tətili başlayır: “Tətil zamanı da seçkilərin keçirilməsi o qədər məqsədəuyğun deyil: “Namizədlərin dinləmələri keçirilir. Hər bir namizəd öz fəaliyyəti haqqında məruzə eləyir. AMEA üzvləri hər bir namizədi qiymətləndirir. Bu, çox ağır prosesdir. Elə yer var ki, ora 30-dan çox namizəd sənəd verib. Seçim etmək çox çətindir. Seçkinin daha obyektiv keçməsini təmin etmək üçün hər bir namizəd öz fəaliyyəti haqqında ətraflı məlumat verməli, onun elmi işləri təhlil olunmalı və vahid fikrə gəlinməlidir”.

Qeyd edək ki, qəbul elanına əsasən, AMEA-ya seçkilər elan verilən gündən, yəni fevralın 17-dən sonra 3 ay müddətində keçirilməlidir. Hazırda AMEA-nın 56 həqiqi, 106 müxbir üzvü var. AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərlə əlaqədar ümumilikdə 255 nəfər sənəd verib. Elana əsasən, seçki 10-u həqiqi, 30-u müxbir üzv olmaqla 40 vakant yer üzrə elan olunub. AMEA-nın akademikliyinə 34 nəfər, müxbir üzvlüyə isə 221 nəfər sənəd verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR