Hidrometeoroloqlar xəbərdarlıq edir: Ölkə ərazisində anomal istilər davam edəcək, temperatur 40 dərəcəyədək yüksələcək

Hidrometeoroloqlar xəbərdarlıq edir: Ölkə ərazisində anomal istilər davam edəcək, temperatur 40 dərəcəyədək yüksələcək
# 14 iyun 2012 09:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Son günlər cənubdan hərəkət edən isti hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti anomal isti keçir. Belə ki, dünən iyunun 13-də Bakı və Abşeron yarımadasında orta sutkalıq temperatur iqlim normasından 6,5 dərəcə yuxarı olub. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, dünən Abşeron yarımadasında maksimal temperatur 35, Maştağada 39 dərəcəyə çatıb. Bakıda isə bu göstərici 37,4 dərəcə olub.

U. Tağıyeva bildirib ki, yaxın 2 gün ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir, yağmursuz və anomal isti hava davam edəcək. Bakı və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturu 35-38 təşkil edəcək, yarımadanın bəzi yerlərində 40 dərəcəyədək yüksələcək. Yaxın 2 gün ərzində paytaxtda əsasən mülayim cənub şərq küləyi əsəcək.

Respublikanın Aran rayonlarında da, eyni zamanda Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarında maksimal temperatur 35-40 dərəcə intervalında dəyişəcək.

İyunun 17-dən hava şəraitinin dəyişiləcəyi gözlənilir. Belə ki, iyunun 17-dən başlayaraq temperatur tədricən enəcək. İyunun 17-də şimal küləyinin sürəti nisbətən artacaq və bu səbəbdən temperatur 30-34 dərəcə intervalında dəyişəcək. İyunun 18-də hava şəraiti daha da sərinləşəcək, küləkli hava davam edəcək. Havanın temperaturu paytaxtda 26-29 dərəcə olacaq. Nisbətən sərin hava iyunun 20-dək davam edəcək.

Respublikanın rayonlarında da iyunun 17-dən 19-u gündüzədək qeyri-sabit hava şəraiti müşahidə olunacaq, bəzi rayonlarda axşam və gecə saatlarında yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR