Əmək və əhalinin sosial müdafiəsi naziri bir qrup vətəndaşı qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri bir qrup vətəndaşı qəbul edib
# 14 iyun 2012 11:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov nazirliyin 142 - Qaynar xətti vasitəsilə müraciət edən vətəndaşları, həmçinin nazirlikdə yaradılmış VC (videokonfrans) sistemi vasitəsilə müxtəlif bölgələrin sakinlərini qəbul edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəbul zamanı ayrı-ayrı vətəndaşların ünvanlı sosial yardımların təyinatı, əlillik dərəcələrinin verilməsi və reabilitasiya vasitələri ilə təmin olunma, əmək hüquqlarının bərpası, məşğulluğun təminatı və s. məsələlərlə bağlı qanunvericilik barədə məlumatsız olduqları müəyyən edilib və onlara hüquqi izahatlar verilib.
Bununla yanaşı, müraciətlərin bir qismində əksini tapan narazılıqların əsaslı olduğu, yerli strukturların bəzi əməkdaşları tərəfindən bir sıra hallarda vətəndaş müraciətlərinə biganə və səhlənkar münasibət göstərildiyi, bəzən vətəndaşa lazımı şəkildə izahat verilməməsinin müxtəlif instansiyalara şikayət xarakterli müraciətlər etməsinə şərait yaratdığı müəyyən edilib. F.Ələkbərov vətəndaşların haqlı narazılığına səbəb olan halların aradan qaldırılması, belə hallara yol vermiş əməkdaşlar barədə intizam tədbirlərinin davam etdirilməsi, hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və müraciətlərdə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli, özündən asılı olmayan səbəblərdən yoxsulluq vəziyyətində yaşayan və dövlətin yardımına həqiqətən ehtiyacı olan, lakin bunun üçün zəruri sənədləri toplamaqda çətinlik çəkən vətəndaşlara bu sahədə mümkün köməkliklərin göstərilməsi, 142 - Qaynar xətti ilə bağlı əhali arasında məlumatlandırma işlərinin gücləndirilməsi üçün müvafiq strukturlara tapşırıqlar verib.
Qəbul zamanı yoxsulluq vəziyyətindən çıxmaq üçün potensial imkanlara malik olan ailələr də müəyyən edilib və onların gələcəkdə aktiv sosial müdafiə tədbirlərinə, «Özünədəstək» proqramına, eləcə də cari ildə işə salınacaq sosial kreditləşmə proqramına cəlb edilmələri qərara alınıb.
2011-ci il və cari ilin ötən dövrü ərzində nazir və nazirliyin digər rəhbər şəxsləri tərəfindən müxtəlif bölgələrdə 800 nəfərdən çox vətəndaş qəbul edilərək müraciətləri araşdırılıb. Həmin müraciətlərin böyük qisminin daha çox sorğu xarakterli olduğu məlum olub. Həyata keçirilən belə tədbirlər nazirliyin fəaliyyət dairəsinə aid sahələrlə bağlı şikayət xarakterli müraciətlərin sayının azalması ilə nəticələnib. Belə ki, bu ilin 5 ayı ərzində nazirliyə 142 - Qaynar xətti vasitəsilə 1799, elektron xidmətlər vasitəsilə 955 müraciət daxil olub. Həmin müraciətlərlə bağlı məqsədyönlü tədbirlər görülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR