Son 4 ildə Bakıda 9 mindən çox ibtidai sinif müəllimi fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarından keçib

Son 4 ildə Bakıda 9 mindən çox ibtidai sinif müəllimi fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarından keçib
# 14 iyun 2012 15:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Son 4 il ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan məktəblərin 9 mindən çox ibtidai sinif müəllimi fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarından keçərək müvafiq bilik və bacarıqlara yiyələnib, bununla da ibtidai siniflərdə işləyən müəllimlərin fənn kurrikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin etmək məqsədilə keçirilən təlimlər bir ixtisasartırma dövrü üçün başa çatdırılıb. BŞTİ-nin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması sektorunun müdiri Bəhman Nəbiyev APA-ya bildirib ki, təhsil sektorunun inkişafı üzrə ikinci layihə çərçivəsində 2012-2013-cü tədris ilində ümumtəhsil müəssisələrinin V siniflərində dərs deyəcək müəllimlərin fənn kurrikulumlarının tətbiqi sahəsində nəzəri və praktik hazırlığını təmin etmək məqsədilə müvafiq hazırlıq işləri başa çatıb. Bu məqsədlə Bakı şəhərində 29 təlim mərkəzi, hər bir mərkəz üçün təlimçilər və əlaqələndiricilər müəyyənləşdirilib.

İyunun 18-dən etibarən 20 saylı məktəbdə fiziki hazırlıq müəllimlərinin təlim kursları başlayacaq. 570 nəfər fiziki tərbiyə müəlliminin kurslarda iştirakı nəzərdə tutulub, məktəb lazımi avadanlıqlarla təmin edilib. İyulun 2-dən etibarən digər fənn müəllimlərinin təlim kursları təşkil ediləcək. Bu təlim kurslarına BŞTİ-nin tabeliyində olan ümumtəhsil məktəblərindən 6770 nəfər müəllim cəlb olunacaq.

Hazırda pedaqoji işçilərin yay ixtisasartırma kursları da davam edir. 2200 nəfər müxtəlif fənn müəllimi Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda keçirilən kurslarda iştirak edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR