Göyçay və İsmayıllı rayonlarında ilanvurma və itqapma ilə bağlı müraciətlərin sayı artıb

Göyçay və İsmayıllı rayonlarında ilanvurma və itqapma ilə bağlı müraciətlərin sayı artıb
# 15 iyun 2012 08:59 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov - APA. Göyçay və İsmayıllı rayonlarının sakinləri arasında ilanvurma və itqapma ilə bağlı xəstəxanaya müraciət edənlərin sayı artıb.

Göyçay Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, iyunun 15-də rayonun İkinci Ərəb kənd sakini 1970-ci il təvəllüdlü Babayeva Xədicə Yolqulu qızı və Aşağı Qaraməryəm kənd sakini 1956-cı il təvəllüdlü Kazımov Məcnun Şirəli oğlu ilanvurma diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilib. Hər iki xəstəyə zərdab vurulub və müalicəsi davam etdirilir.

May-iyun aylarında ilan və əqrəb sancması ilə əlaqədar xəstəxanaya 12 nəfər müraciət edib. İtqapma ilə əlaqədar müraciət edənlərin sayının ötən illə müqayisədə xeyli artdığı bildirilib. Son 3 ayda səhiyyə ocağında it dişləmiş 96 xəstəyə quduzluğa qarşı vaksin vurulub.

İsmayıllı Mərkəzi Rayon xəstəxanasına isə son 3 ayda 92 itqapma, iyun ayında 3 ilanvurma diaqnozu ilə xəstələr daxil olub. Həkimlər belə halların artmasını son vaxtlar havaların isti keçməsi ilə əlaqələndirirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR