İstanbulda X Türk Dili Olimpiadasının bağlanış mərasimi keçirilib - FOTOSESSİYA

İstanbulda X Türk Dili Olimpiadasının bağlanış mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 15 iyun 2012 10:40 (UTC +04:00)
APA-nın məlumatına görə, olimpiadaya Azərbaycan da daxil olmaqla dünyanın 135 ölkəsindən 1500 şagird qatılıb. Tədbirdə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan da iştirak edib.

Olimpiadanı izləmək üçün “Dialoq Avrasiya” Platformasının və “Çağ Öyrətim İşlətmələri” şirkətinin dəvəti və təşkilatçılığı ilə Azərbaycandan da nümayəndə heyəti qatılıb. Nümayəndə heyətinə “Çağ Öyrətim İşlətmələri” şirkətinin rəhbəri Ənvər Özəran, “Dialoq Avrasiya” Platformasının Azərbaycan üzrə nümayəndəsi Mustafa Saatçı, millət vəkilləri Fazil Mustafa, Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Cavanşir Feyziyev, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli, “APA-Group”un baş direktoru Vüsalə Mahirqızı, İTV və “Xəzər” televiziyasının nümayəndələri, həmçinin gənc sənətçilər və yazarlar daxil olub.

Tədbiri eyni zamanda 60 mindən artıq insan izləyib. Olimpiada çərçivəsində müxtəlif ölkələrdən gəlmiş iştirakçılar arasında fərqli sahələr üzrə müsabiqələrdə Azərbaycan şagirdləri 13 qızıl medal qazanıb.

Tədbirini açılışı Qafqaz” Türkiyə-Azərbaycan gimnaziyasının şagirdi Səma Sultanovanın çıxışı ilə başlayıb. O, olimpiadanın mahnı yarışması nominasiyasında 135 ölkədən olan iştirakçılar arasında ikinici yeri tutub.

Olimpiadanın əsas mükafatı Təsis Komitəsinin seçimi ilə bu il Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğana təqdim olunub. Təsis Komitəsinin sədri Mehmet Sağlam bildirib ki, baş nazir bu mükafata türk dilinin qorunmasında, dünyaya yayılmasında, türkdilli təhsilin genişlənməsi, Türkiyəni dünyada uğurlu təmsil etməsinə görə layiq görülüb.

Tədbirdə çıxış edən baş nazir R.T.Ərdoğan Türkiyənin bu tədbirlə dünyaya sülh mesajı vermək istədiyini diqqətə çatdırıb. O, türk dilinin XIV əsrdən XVIII əsrədək dünyanın istənilən yerində beynəlxalq dil statusunda olduğunu, bu tədbirin türkcənin yenidən beynəlxalq dil statusu qazanmaq yönündə bir addım olduğunu vurğulayıb. Baş nazir bildirib ki, türk dili tarixən mədəniyyətin, sülhün dili olub. Artıq dünyanın 5 qitəsinin 140 ölkəsində türkdilli məktəblər fəaliyyət göstərir: «Bu məktəblərdə Türkiyədən getmiş minlərlə müəllim çalışır. Onlar heç də böyük maaş əsasında işləmirlər. Bir çox hallarda onlar iqtisadi cəhətdən zəif olan ölkələrdə yaşayır və işləyir, türk dilinin yayılmasında fədakarlıq göstərirlər».

Baş nazir həmçinin vurğulayıb ki, bu olimpiadaya qatılan 1500 şagird 135 ölkədən türk dilində təhsil alan 300 min şagirdin təmsilçisi olaraq seçilib: “Bu olimpiadanın keçirilməsi ilə Türkiyə bütün dünyaya özünün dostluq mesajını verir. Bununla da Türkiyə dünyada haqq, ədalət istəyir, daha çox haqqı tapdanan xalqların yanında olacağını bir daha göstərir”.

Daha sonra qaliblər konsert proqramı ilə çıxış ediblər.

Olimpiadanın bağlanış mərasimi ciddi təhlükəsizlik tədbirləri altında keçib. Tədbir keçirilən məkanın üzərində helikopterlər nəzarət uçuşları yerinə yetirib. İstanbulda bu tədbirin təhlükəsizliyin təmin olunmasına 10 minə yaxın polis cəlb olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR