Azərbaycan nümayəndə heyəti MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının XI iclasında iştirak edib

Azərbaycan nümayəndə heyəti MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının XI iclasında iştirak edib
# 19 iyun 2012 16:37 (UTC +04:00)
Bakı-APA. Rusiya Federasiyasının Moskva vilayətinin Troitsk şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının on birinci iclası keçirilib. Dövlət Miqrasiya Xidmətindən (DMX) APA-ya verilən məlumata görə, Rusiya Federasiyasının, həmçinin Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan Respublikalarının nümayəndələrinin iştirak etdiyi iclasda Azərbaycan DMX-nin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclasda çıxış edən Pərviz Musayev Azərbaycanda miqrasiya sahəsində mövcud vəziyyətdən, cari ilin 5 ayını əhatə edən nəticələrdən danışıb. Bildirib ki, 2012-ci ilin 5 ayı ərzində xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması, vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi ilə bağlı 24.314 müraciət daxil olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilib. Bu müddət ərzində 6000-ə yaxın əcnəbi tərəfindən Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən edilib, onlardan 1300-dən çoxuna cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 4000 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 669 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

İclas çərçivəsində “MDB iştirakçı dövlətlərdə miqrasiyanın vəziyyəti haqqında”, “2009-2011-ci illər üçün MDB iştirakçı dövlətlərin qanunsuz miqrasiyanın qarşısının alınması üzrə əməkdaşlıq Proqramının həyata keçirilməsinin yekunu haqqında”, “Əmək fəaliyyətinin həyata keçirilməsinə görə patentlərin verilməsi üzrə Rusiya Federasiyası Federal Miqrasiya Xidmətinin iş təcrübəsi haqqında”, “Şəxslərin dövlət sərhədindən qəbulu və təhvil verilməsi haqqında həmsərhəd ölkələr və MDB iştirakçı dövlətlərlə beynəlxalq sazişlərin bağlanılmasına dair danışıqlar prosesinin aparılmasının gedişatı haqqında (readmissiya)” və digər mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılaraq müvafiq Qərarlar qəbul edilib.

Pərviz Musayev “Rusiya Federal Miqrasiya Xidməti - 20” xatirə medalı, nümayəndə heyətinin üzvü Kəyan Hacıyev isə Federal Miqrasiya Xidməti direktorunun təşəkkürü ilə təltif ediliblər.

Sonda Şuranın növbəti 12-ci iclasının 2012-ci ilin ikinci yarısında Qırğızıstan Respublikasında keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR