Ekologiya və Təbii Sərvətlər Nazirliyi: İyunun 19-da Qaradağda qasırğa olmayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: İyunun 19-da Qaradağda qasırğa olmayıb
# 20 iyun 2012 08:49 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İyunun 19-da Bakının Qaradağ rayonu ərazisində şimşək çaxması, güclü külək və leysan yağış qeydə alınıb. Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

A. Verdiyev bildirib ki, Qaradağ rayonunda yerləşən metroloji stansiyasının verdiyi məlumat əsasən, ötən gün saat 15:00 radələrində ərazidə şimşək çaxıb, 18:00 radələrində isə leysan yağıb: “Ötən gün Bakının bir çox rayonlarında leysan yağışlar müşahidə edilib. Qaradağ rayonunda şimşək çaxması da baş verib. Adətən belə olduqda külək bir anlığa güclənir. Ola bilsin, həmin ərazidəki dağıntı küləyin təsirindən baş verib. Qaradağ rayonunda qasırğanın baş verməsinə gəlincə, biz müəyyən vaxtlarda havanın parametrlərini ölçürük. Bizim ölçülər apardığımız müddətdə qasırğa qeydə alınmayıb”.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin məlumatında isə bildirilir ki, iyunun 19-da saat 17:40 radələrində 8 və 12 saylı cəzaçəkmə müəssisələrinin yerləşdikləri ərazidə normal hava şəraitində təxminən bir dəqiqə davam edən burulğanla müşayiət olunan güclü qasırğa baş verib.

Hadisə nəticəsində müəssisələrin 110 metr uzunluğunda əsas və yardımçı hasarları uçub, dam örtükləri, elektrik dirəkləri, işıq və rabitə xətləri sıradan çıxıb, rabitə əlaqəsi kəsilib.

Hadisə ilə bağlı dərhal xidmət üzrə həyəcan siqnalı verilib, xidmətin müvafiq qurumları səfərbər olunub, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin və Azərenerji ASC-nin müvafiq qurumları əraziyə cəlb olunub.

Həbsxanalarda təhlükəsizliyin təmin olunması, məhbusların ərazini tərk etməmələri üçün tədbirlər görülüb. Məhbuslardan həbsxananı tərk edən, yaxud buna cəhd göstərən olmayıb.

Məlumatında bildirilib ki, hazırda təbii fəlakətin nəticələri aradan qaldırılır, həbsxanalarda vəziyyət stabildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR