Bakıda VII “Məzun 2012” əmək yarmarkası keçirilir

Bakıda VII “Məzun 2012” əmək yarmarkası keçirilir
# 20 iyun 2012 10:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Milli Qurtuluş Gününə həsr olunmuş VII “Məzun 2012” əmək yarmarkası keçirilir. APA-nın məlumatına görə, yarmarkanın açılış mərasimində çıxış edən ADİU-nun rektoru Şəmsəddin Hacıyev bildirib ki, son 5 ildə Azərbaycanda 1 milyona yaxın yeni iş yerləri açılıb. Son illər əmək bazarında yüksək ixtisaslı mütəxəssislərə tələbat daha da artıb. Rektor deyib ki, “Məzun 2012” əmək yarmarkasında 80-dən çox holdinq, şirkət, bank (iri və orta biznes nümayəndələri) və dövlət qurumu 35 universitetin məzunlarına 800-ə yaxın iş yeri təklif edəcək.
Gənclər və idman naziri Azad Rəhimov isə bildirib ki, 2006-cı ildən keçirilən məzun yarmarkalarının əhəmiyyəti çox böyükdür. Gənclərin işlə təmin olunması “Azərbaycan gəncliyi 201-2015-ci illərdə” Dövlət Proqramının prioritet istiqamətlərindəndir. Nazir qeyd edib ki, 2006-cı ildən indiyədək belə yarmarkalarda 3000-dən artıq gənc işlə təmin olunub, 15000-ə yaxın gəncə müvafiq məlumatlar verilib. Məzun yarmarkalarında təklif olunan əmək haqları isə bazarda olan əmək haqqından 50 faiz yüksəkdir.
Təhsil nazirinin müavini Qulu Novruzov deyib ki, məzun yarmarkaları ali təhsilin keyfiyyətində yüksəlişə səbəb olur: “Universitetlər arasında yaxşı mənada rəqabət yaranıb. Çünki ən yaxşı universitetlərin məzunları işlə təmin olunurlar”.
Yarmarkada həm dövlət, həm də özəl qurumları təmsil edən maliyyə, sənaye, turizm, xidmət, nəqliyyat, rabitə, səhiyyə, intellektual biznes və digər sahələrin şirkət və qurumları iştirak edirlər. Bu ilki məzun yarmarkasının fərqli cəhətlərindən biri işəgötünlər arasında digər ölkələrdə (Gürcüstan, Türkiyə, Rusiya, Kanada) fəaliyyət göstərən şirkətlərin də iştirak etməsidir. Eyni zamanda təşkilat komitəsi tədbir barədə məlumatın daha geniş auditoriyaya çatdırılması məqsədi ilə müasir texnologiyalardan istifadə edərək internetdəki sosial şəbəkə qruplarına müraciət edib. Nəticədə Türkiyənin, Gürcüstanın, Rusiyanın, Şimali Kipr ali təhsil ocaqlarında təhsilini bitirmək üzrə olan azərbaycanlı məzunlar CV-lərini yarmarkada iştirak edən şirkətlərə çatdıra bilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR