Əli Həsənov: “İşğalçılıqla, separatizmlə məşğul olan, Xocalı soyqırımını törədən Köçəryana, Sərkisyana, Ermənistana qarşı niyə vetolar, embarqolar tətbiq olunmur?”

Əli Həsənov: “İşğalçılıqla, separatizmlə məşğul olan, Xocalı soyqırımını törədən Köçəryana, Sərkisyana, Ermənistana qarşı niyə vetolar, embarqolar tətbiq olunmur?”
# 20 iyun 2012 13:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. “Qaçqınlar gününün qeyd olunmasında məqsəd ancaq ondan ibarətdir ki, dünya hər il heç olmasa, bir gün bu problemlə yaşasın. Dünyanın aparıcı dövlətlərinin rəhbərləri, beynəlxalq qurumlar, bu problemi yaradanlar, istər dövlətlər, istər beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkə rəhbərləri bir də olsa, bu günü dərk etsinlər, yad etsinlər ki, nə törədiblər, hansı problemləri yaradıblar”.

APA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin Problemləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib: “Ümumiyyətlə, qaçqın, köçkün problemi dünyanın ən həssas məsələsidir. Bu gün dünyanın bir nömrəli problemi qaçqın, köçkün problemidir. Gəlin, müharibələrdə həlak olan insanların sayı ilə müqayisə edək, müharibə zamanı insan gülləyə tuş gəlir və həlak olur, bununla da bu problemlərdən canını qurtarır. Əlbəttə, bu, yaxşı hal deyil. Amma qaçın, öz doğma yurdundan didərgin düşmüş insan daim, gecə-gündüz yurdunu yad edir, ora getmək istəyir, valideynlərinin məzarını ziyarət etmək haqda düşünür, torpaq həsrəti ilə yaşayır, başqasının yanına sığınır. Bu kimi çətin vəziyyətdə olmaq, inanın ki, ölümdən də çətindir.
Uzun müddətdir, bu problemlə məşğul olan şəxs kimi bunları hər gün görürəm. Ona görə də bunu dünyəvi problem hesab edirəm”.

Ə. Həsənov təəssüflə qeyd edib ki, dünyada bəzən hansısa dövlət demokratik yolla getməyəndə, beynəlxalq qurumların qərarlarını icra etməyəndə, dövlətə, onun başçısına, məmurlarına qarşı hansısa sanksiyalar tətbiq olunur: “Çox maraqlıdır, bunun da səbəbini beynəlxalq qanunları icra etməmək kimi təqdim edirlər. Bəs onda işğalçılıqla, separatizmlə məşğul olan, Xocalı soyqırımını törədən Köçəryana, Sərkisyana, həmin dövlətə qarşı niyə bu vetolar, embarqolar tətbiq olunmur? Nə üçün? Məhz bu problemləri yaradanlara qarşı tədbir görülmədiyi üçün dünyada hər il münaqişə zonalarının, qaçqınların sayı artır”.

Baş nazirin müavini bildirib ki, BMT-nin məlumatlarına görə, bu gün dünyada 42 milyon 500 min qaçqın və köçkün var. Münaqişələrin, qaçqınların, köçkünlərin sayı ilbəil artır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR