Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib - FOTOSESSİYA

Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 20 iyun 2012 14:25 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbir BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Azərbaycan hökuməti tərəfindən birgə təşkil olunub.

Tədbirdə çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, BMT Baş Assambleyasının 20 iyunu Qaçqınlar Günü elan etməsinin məqsədi bu problemi dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır: “Mən uzun illər bu problemlə məşğul olan şəxs kimi belə hesab edirəm ki, bu, dünyanın ən ağrılı problemlərindən biridir. Çox təəssüflər olsun ki, konflikt zonalarının sayı və onun qurbanlarının sayı ilbəil artır”.

Ə. Həsənov bildirib ki, bu gün dünyada 42 milyondan artıq qaçqın və məcburi köçkün var. Bunların 15,2 milyonu qaçqın, 26,4 milyonu məcburi köçkün, 895 min nəfəri isə sığınacaq axtaranlardır: “Təəssüflər olsun ki, beynəlxalq aləmdə məcburi köçkünlərin statusunu müəyyənləşdirən nə qaydalar, nə konvensiyalar var. Hesab edirik ki, məcburi köçkünlərin statusu, onların hüququnu müəyyənləşdirən qaydaların qəbulu vaxtı yetişib”.

Azərbaycanın üzləşdiyi problemdən də danışan Ə .Həsənov Qərb dövlətlərini Ermənistanın hazırkı və bundan əvvəlki dövlət rəhbərlərinə qarşı müvafiq sanksiyalar qəbul etməyə çağırıb: “Köçəryan və Sərkisyan Azərbaycan torpaqlarının işğalına, Xocalı soyqırımının törədilməsinə, insanların deportasiyasına rəhbərlik ediblər. Onda sual olunur: bu insanlara qarşı niyə eyni sanksiyalar tətbiq olunmur? Əgər sanksiya tətbiq etmək obyektivdirsə, hamısına tətbiq olunmalıdır”.

Ə. Həsənovun sözlərinə görə, Milli Təhlükəsizlik Nazirliyi arxiv materialları əsasında sənədli film hazırlayıb: “Buradakı faktlar ermənilərin iç üzünü dünyaya göstərir. Mən nazirdən xahiş etmişəm. Bu material ingilis dilinə tərcümə olunacaq. Biz onu bütün dünyaya yayacağıq”.

Daha sonra tədbirdə BMT-nin xoşməramlı səfiri, aktrisa Ancelina Coulinin video müraciəti nümayiş etdirilib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin rəhbəri Daq Siqurdson çıxışında bildirib ki, qaçqınlar günü dünyanın bütün ölkələrində qeyd olunur. Ötən 20 ildə Azərbaycan hökumətinin məcburi köçkünlərin problemlərinin həlli istiqamətində müəyyən işlər həyata keçirdiyini xatırladan D. Siqurdson deyib ki, çadır şəhərcikləri ləğv olunsa da, 400 mindən artıq məcburi köçkün çətin şəraitdə yaşayır.

Tədbir çərçivəsində Azərbaycanda yaşayan qaçqınların əl işlərindən ibarət satış sərgisi olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR