Parlamentin payız sessiyasında gənc ailələrə faizsiz ipoteka verilməsi, ailə üzvlərindən birinin işlə təmin olunması barədə qanun layihəsi müzakirəyə çıxarılacaq

Parlamentin payız sessiyasında gənc ailələrə faizsiz ipoteka verilməsi, ailə üzvlərindən birinin işlə təmin olunması barədə qanun layihəsi müzakirəyə çıxarılacaq
# 21 iyun 2012 09:38 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli deyib. Komitə sədri bunların “Sosial sifariş haqqında” və “Gənc ailələrin sosial müdafiəsi haqqında” qanun layihələri olduğunu açıqlayıb.

“Gənc ailələrin sosial müdafiəsi haqqında” qanun layihəsinə bir sıra ciddi məqamların daxil edildiyini deyən H . Rəcəbli bu sırada gənc ailələrə faizsiz ipotekanın verilməsinin, ailə üzvlərindən birinin mütləq işlə təmin olunmasının, yəni iş yerinin kvotasının ayrılmasının nəzərdə tutulduğunu söyləyib. Bundan başqa, layihədə imkanlı ailələrə sosial-psixoloji yardımın göstərilməsi də nəzərdə tutulacaq: “Çünki imkanlı ailələrin övladları daha çox boşanırlar”.

“Sosial sifariş haqqında” qanun layihəsi barədə danışan komitə sədri deyib ki, bundan əvvəl qəbul olunan “Sosial xidmət haqqında” qanunda QHT-lərin də bu işə cəlb olunması məqsədəuyğun sayılıb və onlar da dövlət büdcəsi vəsaitlərindən istifadə edə biləcəklər: “Amma bunun hüququ bazası yoxdur. Yeni qanunda həmin hüquqi baza yaradılacaq”.

H. Rəcəbli MM-in payız sessiyasında Ailə Məcəlləsinə və “Sağlamlığın qorunması haqqında” qanuna dəyişikliklər olunacağını da deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR