Azərbaycan baş nazirinin müavini Əli Həsənov: “Belə getsə, narkoman məmur övladlarının adlarını açıqlayacağam”

Azərbaycan baş nazirinin müavini Əli Həsənov: “Belə getsə, narkoman məmur övladlarının adlarını açıqlayacağam”
# 21 iyun 2012 14:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. «Təəssüflər olsun ki, bir çox hallarda bizim gənclərimiz narkotikdən istifadəyə bir məşğuliyyət kimi baxırlar». APA-nın məlumatına görə, bunu narkomaniyanın fəsadları və onunla mübarizəyə həsr olunmuş «Həyatla oyun» tamaşasının nümayişində baş nazirin müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov deyib.

İmkanlı ailələrin uşaqlarının daha çox narkomanlığa meyl etdiyini deyən Komissiya sədrinin sözlərinə görə, onlar çox vaxt bu xəstəliyə bilmədən düçar olurlar: «Bəzən imkanlı ailələrin uşaqları hər şeylə məşğul olur. Fikirləşirlər ki, narkotikdən istifadə etməyib, görsün, edəndə nə olacaq? Məqsədi narkoman olmaq deyil. Amma bu yolla çevrilirlər. Bu xəstəliyə düçar olanlar da əsasən də imkanlıların uşaqlarıdır. Çünki imkansızların narkotik almağa vəsaiti yoxdur».

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının da təşkilatçısı olduğu tamaşaya bəzi dövlət məmurlarının dəvət olunmalarına baxmayaraq qatılmadıqlarını deyən Ə. Həsənov onlara sərt mesaj ünvanlayıb: «Dəvət olunan məmurlar gəlməyiblər, özləri bilərlər. Belə etsələr, bir gün başlayacağam onların övladları haqqında danışmağa, onda ayılarlar. Bir dəfə demişdim, mətbuat 6 ay məndən yazdı ki, nə vaxt onların adlarını açıqlayacağam. Belə getsə, açıqlamalı olacağam».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR