Azərbaycanda narkotik maddələrə və narkomanlığa qarşı mübarizə üzrə yeni dövlət proqramı hazırlanır

Azərbaycanda narkotik maddələrə və narkomanlığa qarşı mübarizə üzrə yeni dövlət proqramı hazırlanır
# 21 iyun 2012 14:17 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə baş nazirin müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov bildirib.

Komissiya sədrinin sözlərinə görə, yeni proqram bu il başa çatan dövlət proqramının davamı olacaq və orada konkret tədbirlər qeyd ediləcək.

Hazırda Azərbaycanda rəsmi statistikaya görə, 26700 nəfərə yaxın şəxsin narkomanlıq xəstəliyinə tutulduğunu deyən komissiya sədri real rəqəmin bundan çox olduğunu düşünür.

«Nəzərə alsaq ki, narkomanların bir hissəsi qeydiyyatdan yayınır, təbii ki, faktiki rəqəm bundan çoxdur», - deyə baş nazirin müavini əlavə edib.

Ölkədə narkomanlıqla mübarizə sahəsində müxtəlif dövlət qurumları tərəfindən ciddi tədbirlərin həyata keçirildiyini deyən Ə. Həsənovun sözlərinə görə, 2011-ci il Azərbaycanda ton yarım narkotik vasitə götürülüb. 350 tona qədər narkotik xassəli yabanı bitki məhv edilib.

Ə. Həsənov onu da əlavə edib ki, Azərbaycanda son illər regional layihələrin həyata keçirildiyi, ölkəyə daxil olan turistlərin və yüklərin həcminin artdığı nəzərə alınsa, bu problemlə ciddi məşğul olmaq zərurəti ortaya çıxır.

Ə. Həsənov mətbuat və televiziyanın narkomanlıqla mübarizə tədbirlərinə yer ayırmamasından da narazılıq edib. Komissiya sədri bununla bağlı hətta din xadimlərinə müraciət etdiyini də bildirib: «Din xadimlərinə dedim ki, hər gün yas yerlərində nümayəndələriniz olur. Bəyəm orada bir iki dəqiqə də bu problemdən danışsanız, pis olar? Bu, ayrı-ayrı dövlətlərin deyil, dünyanın problemidir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR