Xarici qonaqlar cəbhə bölgəsində olublar

Xarici qonaqlar cəbhə bölgəsində olublar
# 21 iyun 2012 14:56 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu - APA. İtaliyanın Trento Universitetinin professoru Roberto Toniatti, Sloveniyanın Lyublyana Universitetinin professoru Mitya Zagar, İtaliyanın Trento Universitetinin Müqayisəli və Avropa hüququ üzrə Araşdırmalar Məktəbinin tədqiqatçısı Elizabetta Pulice, İtaliya Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatçısı Nona Mixelidze bu gün Ağdam rayonunda olublar. APA-nın Qarabağ bürosunun xəbərinə görə, İtaliyanın Trento Universitetinin professoru Roberto Toniatti jurnalistlərə açıqlamasında bildirib ki, onlar Qarabağ münaqişəsi ilə bağlı bəzi şeyləri öz gözləri ilə görmək istəyiblər: “Səfərin məqsədi Avropa ölkələrinin təcrübələrindən istifadə edərək Qarabağ münaqişəsinə həmin təcrübələrin necə tətbiq oluna biləcəyini öyrənməkdən ibarətdir”.

Avropadakı münaqişələrlə Dağlıq Qarabağ münaqişəsi arasında oxşarlıq olub-olmadığına dair suala cavab verən italiyalı qonağın fikrincə, harada olmasından asılı olmayaraq bütün silahlı qarşıdurmaların oxşar cəhətləri var: “Cəbhə bölgəsinə gəlməyimizin əhəmiyyəti ondan ibarətdir ki, biz buradakı münaqişədə insan faciəsinin nə qədər dərin olduğunu gördük. Münaqişənin həllində doğru addım atmaq üçün müharibədən zərər çəkən insanların vəziyyətini də ətraflı öyrənməyə ehtiyac var”.

Roberto Toniatti qeyd edib ki, nəinki ölkəsində, hətta bütün dünyada Qarabağ münaqişəsi haqda sıravi insanların məlumatları yoxdur: “Təəssüflə qeyd edim ki, əslində İtaliyada bu münaqişə haqda siyasət adamları və alimlərdən başqa heç kim heç nə bilmir. Həmçinin dünyanın bir çox yerində sıravi vətəndaşlar və cəmiyyətlər bu münaqişənin reallıqlarından bixəbərdir. Xəbərdar olan siyasi təbəqələr isə insanların doğma yurd-yuvalarına dönməsinə, münaqişənin sülh yolu ilə müsbət baxırlar”.

Rəsmi görüşlərdən sonra qonaqlar təmas xəttində yerləşən yaşayış məntəqələrindən birinə baş çəkib yerli camaatla görüşüblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR