Üzrlü səbəbdən buraxılış imtahanlarına qatılmayan şagirdlər üçün keçiriləcək təkrar imtahanda 5000 şagird iştirak edəcək

Üzrlü səbəbdən buraxılış imtahanlarına qatılmayan şagirdlər üçün keçiriləcək təkrar imtahanda 5000 şagird iştirak edəcək
# 22 iyun 2012 10:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “İyulun 4-də səhhəti, ailə vəziyyəti ilə əlaqədar buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün təkrar imtahanın Bakıda və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının regional bölmələri olan rayonlarda keçirilməsi nəzərdə tutulur”. APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda TQDK-nın Quba, Şəki, Lənkəran, Gəncə və Naxçıvanda regional bölmələri var: “Ağcabədi, Şirvan və Göyçayda yeni regional bölmələr hələ yaradılmayıb. Orada uşaqların sayından asılı olaraq, bu rayonlarda təkrar imtahanlar keçirilə də, keçirilməyə də bilər”.

TQDK sədri vurğulayıb ki, iyulun 4-də keçiriləcək təkrar buraxılış imtahanlarında təxminən 5000 şagirdin iştirak edəcəyi gözlənilir: “4000-dən çox şagird eksternat qaydada imtahan vermək istəyənlər və əvvəlki illərdə attestat ala bilməyənlərdir. İndiyədək formalaşan bazaya yalnız bu il keçirilən buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyən şagirdlərin adları daxil ediləcək. Belə şagirdlərin sayı elə də çox olmayacaq. Bazaya üzrlü səbəblərdən bu ilki imtahanlarda iştirak edə bilməyən təxminən 1000 nəfər şagirdin adının daxil ediləcəyi gözlənilir”.

TQDK sədri deyib ki, təkrar imtahanda iştirak edəcək şagirdlərin dəqiq sayı iyunun 29-30-da bütün imtahanlar başa çatdıqdan sonra məlum olacaq: “Bəzi rayonlar üzrə 1-2 şagird təkrar imtahan verəcək. Çox az rayonda isə həmin gün 100-dən çox şagird təkrar imtahan verməli olacaq. Belə rayonların sayı çox azdır. Komissiyanın 100-dən çox şagirdi təkrar imtahan verməli olan rayonlarda regional bölməsi yoxdursa, onda həmin rayonlarda imtahan keçiriləcək. Bunun üçün oraya Komissiyanın nümayəndələri göndəriləcək. Amma o rayonda ki, 2-3-5 şagird imtahan verməlidir, həmin uşaqlar imtahan vermək üçün Bakıya deyil, yaxın rayonlardakı regional bölməyə dəvət ediləcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR