Azərbaycan Dövlət İqtisad Universitetində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Depozitariya Kitabxanası yaradılacaq

Azərbaycan Dövlət İqtisad Universitetində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Depozitariya Kitabxanası yaradılacaq
# 22 iyun 2012 15:37 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin apardığı fəaliyyət nəticəsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Depozitariya Kitabxanasının yaradılması barədə razılıq əldə olunub. Nümayəndəlikdən APA-ya verilən xəbərə görə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Depozitariya Kitabxanasının məqsədi üzv ölkələrə əqli mülkiyyət, o cümlədən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının fəaliyyətləri və xidmətləri barədə məlumatların yayılmasının artırılmasından ibarədir. Bu xüsusda 20 ölkənin universitetlərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 31 Depozitariya Kitabxanası yaradılıb və təşkilatın nəşrləri həmin kitabxanalara ödənişsiz əsasda təqdim olunub.

Eyni zamanda, Daimi Nümayəndəliyin təşəbbüsü ilə Azərbaycan Dövlət İqtisad Universitetində bir müddət bundan öncə Ümumdünya Ticarət Təşkilatının İstinad Mərkəzi yaradılıb. Mərkəzin lazımı avadanlıqlarla və informasiya-resurs materialları ilə təmin olunması Ümumdünya Ticarət Təşkilatının Katibliyi tərəfindən həyata keçirilib. Mərkəz dövlət və biznes strukturlarının, ali məktəb tələbələri və müəllimlərinin, bir sözlə istənilən fiziki və hüquqi şəxsin ÜTT haqqında hər bir məlumat əldə etməsinə imkan verir.

Bununla yanaşı, Daimi Nümayəndəliyin təklifi ilə Azərbaycan Dövlət İqtisad Universiteti BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Virtual İnstitutuna üzv qəbul edilib. Virtual İnstitutun məqsədi ali təhsil ocaqlarının ticarət, inkişaf, investisiya sahələrində tədris və tədqiqat potensiallarının artırılmasından ibarətdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR