Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi keçirilir

Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi keçirilir
# 24 iyun 2012 06:00 (UTC +04:00)
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanın ikinci mərhələsində iştirak etmək üçün bakalavrlar iyunun 4-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramlarından birini seçib təsdiq ediblər.

Bu hüquqa malik olan bakalavrlardan 8529 nəfəri qəbul proqramını seçərək təsdiqləyiblər. Onlardan 7418 nəfəri Azərbaycan bölməsinin, 1111 nəfəri isə rus bölməsinin məzunlarıdır. Bakalavrların 3661 nəfərini oğlanlar, 4868 nəfərini isə qızlar təşkil edir. 5110 nəfər ali təhsil müəssisələrinin builki, 3419 nəfər əvvəlki illərin məzunlarıdır. Bakalavrlardan 7652 nəfərinin Bakıda, 221 nəfərinin Naxçıvanda, 656 nəfərinin isə Gəncə şəhərində imtahan verəcəyi nəzərdə tutulur. İmtahanın keçirilməsi üçün Bakıda 11, Naxçıvan və Gəncə şəhərlərinin hər birində 1 imtahan mərkəzi ayrılıb.

İyunun 24-də saat 13.00-da başlayacaq imtahanda sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq. İkinci mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. Bakalavrın hər düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

İmtahanın nəticələri www.tqdk.gov.az internet səhifəsində yerləşdiriləcək. Hər bir bakalavr öz imtahan nəticələrinə dair “məlumat vərəqi”ni internet vasitəsilə əldə edə biləcək.

Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar iyunun 27-dən 29-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirirəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR