İstanbulda «Qafqaz Təhlükəsizlik institutları üçün islahat təşəbbüsləri» mövzusunda seminar keçirilir

İstanbulda «Qafqaz Təhlükəsizlik institutları üçün islahat təşəbbüsləri» mövzusunda seminar keçirilir
# 25 iyun 2012 09:00 (UTC +04:00)
İstanbul. Rəşad Süleymanov – APA. Türkiyənin İstanbul şəhərində «Qafqaz Təhlükəsizlik institutları üçün islahat təşəbbüsləri» mövzusunda seminar başlayıb. APA-nın seminarda iştirak edən əməkdaşının verdiyi məlumata görə, tədbirin təşkilatçısı qismində Azərbaycanın Sülh və Konfliktlərin Həlli Mərkəzi çıxış edir. Seminar Alman Marşall Fondunun layihəsi olan Qara Dəniz Regional Əməkdaşlıq Fondu və Norveç Atlantik Komitəsi tərəfindən dəstəklənir.

İyunun 27-dək davam edəcək seminarda bir sıra mövzularda müzakirələrin aparılması, o cümlədən Qafqaz ölkələrinin hər birində mövcud vəziyyətə dair məruzələr gözlənilir.

Seminarda NATO-nun Cənubi Qafqaz Regionu üzrə Əlaqələndiricisi Villiam Lahuenin, Duke Universitetinin Təhlükəsizlik Araşdırmaları üzrə Üçbucaq İnstitutunun (Triangle Institute for Security Studies) professoru Peter Feaverin, Rusiya Hərbi Analiz Mərkəzinin nümayəndəsi Anatoli Tsıqanokun, Türkiyədən polkovnik Mustafa Ulucakarın, general Oktay Bingölün, Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin nümayəndəsi Todor Taqarevin məruzələri olacaq.

Seminarda hər üç Cənubi Qafqaz ölkəsi, Rusiya, Ukrayna və digər Şərqi Avropa dövlətlərindən nümayəndələri iştirak edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR