Səhralaşma – ekolojidən daha çox sosial, iqtisadi problem - ARAŞDIRMA

Səhralaşma – ekolojidən daha çox sosial, iqtisadi problem - <font color=red>ARAŞDIRMA</font>
# 26 iyun 2012 08:30 (UTC +04:00)
Təsadüfi deyil ki, səhralaşmanın artıq qlobal problemə çevrildiyi və dünyanın 100-dən çox ölkəsində 2 milyard insanın sağlamlığı və rifahı üçün təhlükə yaratdığı BMT rəsmiləri tərəfindən də vurğulanır. Səhralaşma, quraqlıq və torpağın deqradasiyası Yer səthinin 1/3 hissəsinə təsir edir. Hər il dünyada bu ərazilərin deqradasiyası prosesi nəticəsində 20000-50000 kvadrat kilometr torpaq məhv olur. Hesablamalara görə, dünyada ekoloji məcburi köçkünlərin sayı 2050-ci ilədək 200 milyona qədər arta bilər. Azərbaycan ölkənin ekoloji durumunun yaxşılaşdırılmasını, təbii resurslardan səmərəli və ziyansız istifadə olunmasını, o cümlədən milli maraqları nəzərə alaraq, 1998-ci il aprelin 24-də "Səhralaşmaya qarşı mübarizə" beynəlxalq konvensiyasına qoşulub.

Azərbaycanda 3,7 milyon hektar ərazi eroziyaya, 1,2 milyon hektara qədər torpaq isə şoranlaşmaya məruz qalıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) hesablamalarına əsasən, Azərbaycanda 3,7 milyon hektar ərazi eroziyaya, 1,2 milyon hektara qədər torpaq isə şoranlaşmaya məruz qalıb. Bundan başqa, təxminən 300 kvadrat kilometr ərazi sel sularının təsirindən, 30 min hektar torpaq sahəsi isə faydalı qazıntıların istismarı nəticəsində yararsız hala düşüb. ETSN-in baş məsləhətçisi Oqtay Cəfərov APA-ya bildirib ki, səhralaşma torpaqların sıradan çıxması, məhsuldarlığının aşağı düşməsi deməkdir. Onun əsas amillərindən biri eroziya, torpaqların kimyəvi çirklənməsi, şoranlaşması və şorhərəkətləşməsidir: “ETSN yaranandan öz fəaliyyətinin əsas prioritet istiqaməti kimi bu problemi diqqətdə saxlayıb. Amma səhralaşma probleminin həlli tək bir nazirliyin işi deyil. Ölkənin yay-qış otlaqları acınacaqlı vəziyyətdədir. Çünki otlaqlarda həddən artıq otarma gedir. Azərbaycanın yay-qış otlaqları dövlət torpaqlarıdır. Onun 1 milyon 400 min hektara yaxınını qış otlaqları, 300 min hektara yaxınını isə yay otlaqları təşkil edir. Onların hamısının heyvan otarma tutumu maksimum 2,5-3 milyon başdır. Azərbaycanda isə 9 milyona yaxın kiçik buynuzlu mal-qara var. Deməli, bizim yay-qış otlaqlarımız ancaq kiçik buynuzlu heyvanlar üçündür. Bu otlaqlarda normadan 3 dəfə artıq otarma gedir. Buna heç bir yaylaq və ya qışlaq dözə bilməz”. O. Cəfərov deyib ki, ölkədə 1 milyon hektardan çox şoranlaşmış, şorhərəkətləşmiş torpaqlar var. Bəzən suvarma sistemləri də təkrar şoranlaşmaya səbəb olur. Azərbaycanın yay-qış otlaqlarında sonuncu dəfə 1949-51-ci illərdə geobotaniki araşdırmalar aparılıb: “O vaxtdan 60 il keçib. Yay-qış otlaqlarının vəziyyətini yenidən araşdırmaq, müəyyən otlaqları kənd təsərrüfatı dövriyyəsindən çıxarmaq və bərpa etmək lazımdır”.

Erməni işğalında olan 264 min hektar meşə sahəsi...

Azərbaycanın 264 min hektar meşə sahəsi erməni işğalı altındadır və həmin ərazilərin meşə fondu ermənilər tərəfindən intensiv olaraq məhv edilir ki, bu da Azərbaycan ərazisində meşələrin azalmasına, səhralaşma prosesinin sürətlənməsinə səbəb olur. Ümumilikdə, hər il ETSN tərəfindən ölkə ərazisində 10 min hektardan artıq meşə-bərpa işləri aparılır. Ölkədə səhralaşmanın qarşısının alınması məqsədilə "Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı", "Meşələrin artırılması və bərpa olunmasına dair" və "Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair" milli proqramlar təsdiq olunub. 2011-ci il ölkədə 10504 hektar sahədə meşəbərpa işləri aparılıb, bundan 3149 hektarda meşə əkini və səpini, 7355 hektarda isə təbii bərpa işləri yerinə yetirilib. Ötən il ərzində meşə fondu torpaqlarına aid olmayan, ümumi sahəsi 1000 hektar ərazini əhatə edən magistral avtomobil yollarının kənarlarında, həmçinin Bayıl yamacında yaşıllaşdırma tədbirləri həyata keçirilib və 1 milyon ədəd ağac və kol bitkisi əkilib.

Ötən müddət ərzində "Səhralaşmaya qarşı mübarizə" Konvensiyasının Azərbaycanda həyata keçirilməsi üzrə 3 milli məruzə hazırlanıb. Ölkə prezidentinin müvafiq fərmanları ilə 2003-2009-cu illərdə respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi qısa müddət ərzində 478 min hektardan (4,5%) 778464,7 hektara çatdırılıb ki, bu da ölkə ərazisinin təqribən 9 faizini təşkil edir. BMT İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin və Qlobal Ekoloji Fondun texniki yardımı əsasında 2006-cı ildən həyata keçirilən “Torpaqdan birgə və davamlı istifadə üçün potensialın yaradılması” layihəsi çərçivəsində Kürdəmir və Göygöl rayonlarında qış və yay otlaqlarının vəziyyəti öyrənilib və Göygöl rayonunda 200 hektar qış otlağı bərpa olunub. O. Cəfərov qeyd edib ki, bu ildən ETSN Qlobal Ekoloji Fondla birlikdə Azərbaycanda “Böyük Qafqazda meşələrin və torpağın idarə edilməsi və iqlim dəyişikliyinin təsiri” adlı layihə həyata keçirməyə başlayacaq. İlk dəfə olaraq 3 problem - şoranlaşmaya qarşı mübarizə, biomüxtəlifliyin qorunması və iqlim dəyişikliyi bir yerdə araşdırılacaq.

AMEA: Azərbaycan ərazisinin 43,3 faizi eroziyaya, 15,5 faizi şiddətli eroziyaya uğrayıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutunun direktoru Seymur Səfərli APA-ya deyib ki, Azərbaycan ərazisinin 3743, 5 min hektar ərazisi, yaxud 43,3 faizi eroziyaya uğrayıb. Bu torpaqlardan şiddətli eroziyaya məruz qalan torpaqların həcmi 1336,7 min hektar, yaxud 15,5 faizdir. Səhralaşmaya uğrayan ərazilərin dəqiq həcmi isə bilinmir: “Bununla bağlı tədqiqatlar aparılmayıb. Amma ümumiyyətlə, Kür-Araz ovalığında, Naxçıvan Muxtar Respublikasında və Abşeron yarımadasında səhralaşmanın izləri müşahidə olunur”. S. Səfərli bildirib ki, ölkə ərazisinin əksər hissəsini dağlıq ərazilər təşkil edir. Bu ərazilərdə əsasən su eroziyası yayılıb. Həmin ərazilər eroziyaya uğramış torpaqların 36 faizini təşkil edir. Eroziyaya uğrayan ərazilərin 4,2 faizində külək eroziyası - defilyasiya, 3,1 faizində isə irriqasiya, yəni insanların düzən əraziləri suvarması nəticəsində yaranan eroziya yayılıb. Hazırda fermer təsərrüfatlarında aqrotexniki qaydalara düzgün əməl olunmaması nəticəsində bu proses daha da intensivləşib.

Abşeron torpaqlarının 79,8 faizində, Naxçıvan MR-in 71,8 faizində eroziya təhlükəsi...
Azərbaycanın müxtəlif rayonlarında aparılan tədqiqatların nəticələri göstərir ki, ayrı-ayrı inzibati rayonlarda torpaq eroziyası 13,7-93,4 faiz arasında dəyişir. Ən çox eroziya prosesi Abşeron və Naxçıvan Muxtar Respublikasının ərazilərində qeydə alınıb. Belə ki, eroziya prosesi Naxçıvan MR-in ümumi ərazisinin 326,9 min hektar və ya 71,8 faizini təşkil edir ki, bunun da 184,8 min hektarı və ya 56, 5 faizi şiddətli dərəcədə eroziyaya uğrayıb. Culfa rayonunun ərazisinin 89,5 min hektarı (90 faiz), Ordubad rayonunun isə 85,3 min hektarı (93,4 faiz) eroziyaya uğrayıb. Abşeron və ona yaxın rayonların ərazisinin 471,2 min hektarı və ya 79,8 faizində eroziya prosesi baş verib. Eroziyaya uğrayan torpaqlardan 284,2 min hektar (52,7 faiz) ərazi şiddətli eroziyaya məruz qalıb. Abşeronun özündə eroziyaya uğrama göstəricisi 86 faiz, Xızıda 80,4 faiz, Qobustanda 76,5 faiz təşkil edir.
S. Səfərli qeyd edib ki, eroziyanın qarşısını almaq üçün bir sıra qaydalara əməl etmək vacibdir: “Şumlama aparılan zaman yamacın eni istiqamətində aparılmalıdır. Səpin aparılması zamanı yaxşı olardı ki, çarpaz əkinlərdən istifadə olunsun. Yəni əkin bir dəfə normanın 50 faizi ilə yamacın eni istiqamətində, bir dəfə isə yamacın uzunu istiqamətində aparılsın. Meylliliyi 15 dərəcədən çox olan yamaclarda əkinçiliyin aparılması effektiv hesab edilmir. Bu ərazilərdə bağların, üzümlüklərin salınması daha məqsədə uğundur. Suyun yarğanlara axıdılmasının qarşısının almaq, yamacların dibində ağaclar, kollar əkməklə yarğan eroziyasını dayandırmaq olar. Külək eroziyasına qarşı tarlaların ətrafında meşə örtüyü salmaq lazımdır. İrriqasiya eroziyasının qarşısını almaq üçün isə tarlalara verilən su normalarına düzgün əməl edilməlidir. Bunun üçün institutda yeni mütərəqqi norma - damcılarla suvarma və yağış yağdırma üsullarından istifadə edilir. Şamaxıda, Qubada, Gəncə və Tərtərdə belə üsullar artıq təcrübədən keçirilib”.

Azərbaycanda eroziya təhlükəlilik xəritəsi tərtib ediləcək

S. Səfərlinin sözlərinə görə, səhralaşmanın səbəblərindən biri həmin ərazilərdə şoranlaşmanın baş verməsidir: “Qrunt sularının səviyyəsinin qalxması nəticəsində torpağın səthində duzlar toplanır. Bu da torpaqda kənd təsərrüfatı və yabanı bitkilərin inkişafına mane olur, onların məhvinə gətirir. Bu zaman eroziya yaranır, torpaq səthi çılpaqlaşır, nəticədə səhralaşma baş verir. Artıq Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutu tərəfindən eroziya təhlükəlilik xəritəsi hazırlanır. GİS texnologiyaları vasitəsilə hazırlanan potensial və aktual eroziya təhlükəlilik xəritələri ilkin olaraq Dağlıq Şirvan ərazisi – Ağsu, İsmayıllı, Şamaxı rayonları və Qobustan rayonunun bir hissəsi üçün hazırlanıb. Hazırda Quba-Xaçmaz ərazisinə daxil olan rayonlar üçün belə xəritələrin hazırlanması prosesi həyata keçirilir. Daha sonra isə bütün ölkə ərazisi üçün eroziya təhlükəlilik xəritəsi tərtib ediləcək.

Azərbaycanda səhralaşmaya məruz qalmayan ərazi yoxdur

AMEA Coğrafiya İnstitutunun direktor müavini Ramiz Məmmədov APA-ya açıqlamasında deyib ki, səhralaşmaya məruz qalan ərazilər artsa da, bu artım çox deyil: “Ölkədə daha çox köhnə arealın daxilində səhralaşmanın intensivləşməsi müşahidə olunur. Buna antropogen və təbii amillər təsir edir. Antropogen amillər insan fəaliyyəti çox olan yerlərdə, xüsusilə Abşeron yarımadasında daha güclüdür. Azərbaycanın yay və qış otlaqlarında intensiv otarma gedir. Bizim otlaqlar buna o qədər də dözmür. Beynəlxalq normalara görə, 1 hektara 2 inək düşür. Amma bizdə bu say 5-7 inəkdir. Yəni ki, bu otlaqlarda otarılan heyvanların sayı normadan 2-3 dəfə artıqdır. Eyni ilə beynəlxalq standarta görə, yaşıl otlaqda 1 hektarda 5 qoyun otarıla bilər, amma bizdə 15-20 qoyun otarılır. Digər tərəfdən təbii amillər, iqlim dəyişmələri, iqlimin istiləşməsi də bu prosesə təsir edir. Azərbaycanın 60 faizi quraqlıq ərazidir. Bəzi yerlərdə yağıntının miqdarının azlığı müşahidə olunur. Bu da təbii ki, səhralaşmaya öz təsirini göstərir. Ölkədə iqlim dəyişmələrinin diapazonu böyüyüb. Ötən il şaxtalı hava müşahidə olundu, bu da müəyyən qədər bitki örtüyünün məhv olmasına, son nəticədə səhralaşmaya səbəb olur. Bütün bunların nəticəsində həm təbii amillər, həm də antropogen təsirlər intensivləşib və səhralaşma bir qədər də aktivləşib”.

R. Məmmədovun sözlərinə görə, Coğrafiya İnstitutu tərəfindən Azərbaycan ərazisinin 35 min kvadrat kilometrində səhralaşma problemləri tədqiq edilib: “Demək olar ki, Azərbaycanda səhralaşmaya məruz qalmayan ərazi yoxdur. Hamı elə bilir ki, səhralaşma ətraf mühit, ekologiya problemidir. Amma səhralaşma daha çox sosial, iqtisadi problemdir. Səhralaşma olan yerdə bitki örtüyü ölür, insanlar özləri üçün məhsul yetişdirə bilmirlər. Son nəticədə aclıq, miqrasiya və bəzi hallarda da ölüm baş verir. Səhralaşmanın qarşısının alınması hər bir ərazi üçün fərdi qaydada həyata keçirilməlidir. Elə ərazilər var ki, meşə zolaqları salmaq, bəzi ərazilərdə isə otlaqların intensiv otarılmasının qarşısını almaq lazımdır. Əvvəllər ölkədə şoranlaşma əsasən pambıq istehsalı ilə bağlı idi. Suvarılan torpaqlar şoranlaşırdı. İndi bu problem azalıb. Hazırda əsas təkliflərdən biri sovet dövründə olduğu kimi tarlaları bir-birindən ayıran meşə zolaqlarının salınmasıdır. Azərbaycanın bəzi ərazilərini o qədər otarıblar ki, mal-qaranın, qoyunun gəzdiyi yer artıq asfaltdan möhkəmdir. 50-100 il sonra da həmin yerlərdə heç nə bitməz. Belə əraziləri daha çox Mil-Muğanda, Şirvanın aşağı hissələrində müşahidə eləmək olur. Aran rayonlarında mal-qara həqiqətən də çoxdur. Bunun sonu yoxdur. 10 ildən sonra o mal-qaranın yeməyə heç nəyi olmayacaq”. R. Məmmədovun sözlərinə görə, bu problemin həllinə vətəndaş cəmiyyəti yaxından yardım etməlidir.

ETSN-in səhralaşmaya qarşı çəkdiyi sosial reklam çarxı televiziya ekranlarında niyə görünmür?

Ümumilikdə səhralaşma probleminin qarşısını almağa şüurlardan başlamaq lazımdır. Əhali arasında ekoloji maarifləndirmə tədbirləri daha da genişləndirilməlidir. Bu təbliğat prosesinə, mətbuat, QHT-lər, təhsil sistemi, ayrı-ayrılıqda hər bir vətəndaş qoşulmalıdır. Amma istər yazılı mətbuatda, istərsə də televiziya ekranlarında maarifləndirmə xarakterli belə məlumatlara çox az rast gəlinir. ETSN səhralaşmaya qarşı mübarizəni daha da gücləndirmək üçün sosial reklam çarxı çəkib. Lakin qeyri-kommersiya xarakterli olduğundan bu çarx televiziya ekranlarında görünmür. Halbuki səhralaşma hər birimizin həyatında öz sarı və kədərli izini buraxa bilər...

Yazını isə ETSN-in çəkdiyi həmin o sosial reklam çarxının həyəcan təbili ilə başa vurmaq daha doğru olardı: “Mal-qaranın meşə ərazilərində otarılması cavan ağacların məhv edilməsinə və nəticə etibarilə həyat üçün təhlükəli olan səhralaşmaya səbəb olur. Meşələrdə mal-qara otarmaqla özünüzü sağlam həyat mühitindən məhrum etməyin!”.

Yazı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elan etdiyi müsabiqəyə təqdim olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR