Ağsuda qədim dəfinə tapılıb - FOTOSESSİYA

Ağsuda qədim dəfinə tapılıb - <font color=red>FOTOSESSİYA</font>
# 27 iyun 2012 10:14 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyasının rəisi Qafar Cəbiyevin APA-ya verdiyi məlumata görə, iyunun 22-də şərti olaraq VII qazıntı sahəsi adlandırılan ərazidə qazıntı işləri aparılarkən bir-birinin yaxınlığında səpələnmiş vəziyyətdə olan qızıl sikkə nümunələrindən ibarət dəfinə aşkara çıxıb. Elmi heyətin nəzarəti altında sahə diqqətlə tör-töküntüdən təmizləndikdən və fotosu çəkildikdən sonra sikkələr ekspedisiya rəhbərliyi tərəfindən yerindəcə aktlaşdırılaraq götürülüb. Sikkələrin ümumi sayı 37 ədəddir. Onlardan bir ədədi 1781, bir ədədi 1786, üç ədədi 1787, bir ədədi 1796, 31 ədədi isə 1800-cü ildə zərb olunub. Aşkar olunmuş qızıl sikkələrin demək olar ki, hamısı yaxşı vəziyyətdədir.

Sikkələr Holland istehsalı olan qızıl dukatlardır. Sikkələrin əyarı 986, diametri 21,8 mm, qalınlığı 1,3 mm, leqal çəkisi 3,49 qr., forması dairəvi, kənarı döyülmüş, üzəri zərb olunub. Sikkələrin aversində latın dilində yazısı olan ornamentli kvadrat lövhə var. Üzərində qısa olaraq “MO.ORD.PROVIN.FOEDER.BELG.AD.LEG.IMP.” yazılıb. Yazının latın dilində açılışı belədir: “MOneta ORDinum PROVINciarum FOEDERatorum BELGicarum AD LEGem IMPerii”. Yazı belə tərcümə olunur: “İmperiya qanununa uyğun olaraq Belçika Əyalət Federasiyası hökümətinin sikkəsidir".

Sikkələrin reversində mərkəzdə zirehli cəngavər təsvir olunub. Cəngavərin sağ əlində çiyninə qaldırdığı qılınc, sol əlində ox dəstəsi var. Cəngavərin sağ tərəfində dördrəqəmli miladi tarixin ilk iki rəqəmi, sol tərəfində isə son iki rəqəmi zərb olunub. Üzərində qısa olaraq latın dilində “CONCORDIA.RES.PAR.CRES.HOL.” yazılıb. Yazının latın dilində tam açılışı belədir: “CONCORDIA RES PARvae CREScunt HOLlandiae”. Yazı hərfi mənada belə tərcümə olunur: “Uzlaşmış kiçik əşyaların çoxalması ilə - Hollandiya". Yəni “Güc birlikdədir”.

Analoji sikkə nümunələri XVIII əsrdə dünyanın ən müxtəlif ölkələrində geniş yayılıb. Mütəxəssislərin fikrincə, o dönəmdə holland qızıl dukatları öz əhəmiyyəti etibarilə bugünkü ABŞ dolları mahiyyətində idi.

Ekspedisiya rəhbərliyi iki gün ərzində ilkin zəruri tədqiqat işlərini başa çatdıraraq iyunun 25-də dəfinəni Arxeolgiya və Etnoqrafiya İnstitutu rəhbərliyinin tövsiyəsi ilə Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verib.

Ağsu Arxeoloji Ekspedisiyası dəfinə ilə bağlı tədqiqatları davam etdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR