Kimyaçılar Milli Qəhrəman Bəhruz Mənsurovun xatirəsini yad ediblər - FOTO

Kimyaçılar Milli Qəhrəman Bəhruz Mənsurovun xatirəsini yad ediblər - <font color=red>FOTO</font>
# 27 iyun 2012 14:38 (UTC +04:00)
Bakı – APA-Economics. «Azərikimya» İstehsalat Birliyinin (İB) kollektivi 26 iyun - Silahlı Qüvvələr günündə Azərbaycanın Milli Qəhrəmanı, bir müddət kimya müəssisəsində çalışmış, ölkəmizin müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş Bəhruz Qəhrəman oğlu Mənsurovun Sumqayıtın 16-cı mikrorayonundakı bulaq-abidə kompleksini ziyarət edib.

İB-dən “APA-Economics”ə verilən məlumata görə, kimyaçılar abidə önünə əklil və tər qərənfillər qoyaraq, şəhid olmuş vətən oğlunun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Anım mərasimində qəhrəmanın qısa, lakin şərəfli ömür yolundan danışan natiqlər qeyd ediblər ki, 13 mart 1975-ci ildə Yardımlı rayonunun Televar kəndində anadan olmuş Bəhruz Mənsurov doğma kəndlərində orta təhsilini başa vurduqdan sonra Bakı Ali Ümumqoşun Komandirlər məktəbinin sərhəd qoşunları bölməsinə daxil olub. O, təhsil aldığı müddətdə - 1995-ci ilin mart hadisələri zamanı Vətənin məruz qaldığı təhlükələrə, dövlətimizin, dövlətçiliyimizin əleyhinə yönəlmiş hadisələrə biganə qala bilməyib və Vətənin azadlığı uğrunda mübarizəyə qalxıb. 20 yaşlı Bəhruz silahlı dəstəni zərərsizləşdirmək məqsədilə mühüm bir tapşırığı yerinə yetirərkən aldığı güllə yarasından həlak olub. Azərbaycan prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Bəhruz Mənsurova ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adı verilib.

Tədbirdə «Azərikimya» İB-in Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxış edərək, Azərbaycan dövlətinin Milli Qəhrəmanlara, şəhid ailələrinə, bütün Qarabağ müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğıdan danışıb, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş hər bir soydaşımızın keçdiyi şərəfli ömür yolunun gənc nəsillər üçün örnək olduğunu diqqətə çatdırıb.

Mərasimin sonunda Bəhruz Mənsurovun doğmaları çıxış edərək, Milli Qəhrəmanın ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan prezidenti İlham Əliyevə və şəhidlərimizin xatirəsini əziz tutan kimyaçılara dərin minnətdarlıqlarını ifadə ediblər.

Bir vaxtlar Milli Qəhrəman Bəhruz Mənsurovla eyni müəssisədə çalışmış iş yoldaşları bir gün öncə onun xatirə kompleksini ziyarət edib, bulaq-abidənin ətrafında təmizlik-abadlıq işləri aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR