Qəbələdə eramızın I-III əsrlərinə aid maddi-mədəniyyət nümunələri tapılıb

Qəbələdə eramızın I-III əsrlərinə aid maddi-mədəniyyət nümunələri tapılıb
# 27 iyun 2012 15:57 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov - APA. Qədim Qəbələ şəhərinin ərazisində aparılan arxeoloji qazıntı işləri zamanı yeni maddi-mədəniyyət nümunələri tapılıb. APA-nın yerli bürosunun xəbərinə görə qədim şəhərin son antik və ilk orta əsrlər yaşayış yeri olan Səlbir adlı ərazisində həyata keçirilən qazıntı işləri zamanı eramızın I-III və VIII-X əsrlərinə aid zəngin mədəni təbəqə aşkar edilib. Ərazidə arxeoloji-tədqiqat işləri aparan qrupun rəhbəri, tarix elmləri üzrə fəlsəfə doktoru Ceyhun Emilli APA-ya bildirib ki, qədim Qəbələ şəhərinin su-kanalizasiya təchizatı sisteminin bir hissəsini, eləcə də məişət həyatını əks etdirən təndirlər, mis pullar, saxsı və şüşə qablar, ox ucluqları, sümükdən və şüşədən hazırlanmış bəzək əşyaları, qızıl tərkibli sırğa aşkar edilib. Ərazidə uzunluğu 26.5 metr olan 4 ədəd su kəməri də tapılıb.
Qeyd edək ki, Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının (SEBA) dəstəyi ilə qədim şəhərin Səbir ərazisi ilə yanaşı digər yaşayış yerlərində də arxeoloji tədqiqat işləri davam etdirilir. Şəhərin antik və ilk orta əsrlər dövrünü əhatə edən ərazilərində arxeoloji tədqiqat işlərini Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor İlyas Babayev və Koreyanın Seul Milli Universitetinin arxeologiya və incəsənət tarixi kafedrasının müdiri Li Sun Bokun rəhbərlik etdiyi arxeoloji dəstələr həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR