AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Gürcüstan Universiteti arasında memorandum imzalanıb

AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Gürcüstan Universiteti arasında memorandum imzalanıb
# 28 iyun 2012 12:56 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda tanınmış türkoloq alim, Gürcüstan Prezidenti Mixail Saakaşvilinin anası, professor Giuli Alasaniya və tanınmış Liviya ictimai xadim və alimi, doktor Fəridə Alaki ilə görüş keçirilib. Şərqşünaslıq İnstitutundan APA-ya verilən məlumata görə, institutun direktoru, professor Gövhər Baxşəliyeva qonaqları salamlayaraq, Azərbaycan və Gürcüstan arasında möhkəm dostluq və mehriban qonşuluq əlaqələrindən söz açdı. Qonaqlara İnstitut barədə ətraflı məlumat verən G. Baxşəliyeva, burada aparılan əhəmiyyətli elmi-tədqiqatlardan, xüsusən də türkologiya və ərəbşünaslıq sahəsində görülən işlərdən, çap olunan yüzlərlə kitablardan söz açıb. G.Baxşəliyeva Azərbaycan və Gürcüstan arasındakı elmi əlaqələrdən də danışıb, Gürcüstanda müdafiə etmiş şərqşünas alimlərimizdən bəhs edib. Bundan sonra AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə özəl Gürcüstan Universiteti arasında memorandum imzalanıb. Memorandumu Azərbaycan tərəfindən Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva, Gürcüstan tərəfindən özəl Gürcüstan Universitetinin təsisçisi Giuli Alasaniya imzalayıblar.
Sonra professor Giuli Alasaniya görüşdə iştirak edən şərqşünas alimlərlə fikirlərini bölüşüb, onlara Gürcüstandakı elmin hazırkı vəziyyəti və əldə edilən nailiyyətlərdən, o cümlədən şərqşünaslıq sahəsində görülən işlərdən danışıb. G.Alasaniya deyib: «Sizin institutla məni çox tellər bağlayır. 70-ci illərdə ilk dəfə Bakıya gəlmişdim. İlk növbədə bu institutdakı alimlər mənim üçün çox dəyəlidir. Mən onların əsərlərindən çox faydalanmışam».

O, Gürcüstanda 70-ə yaxın ali məktəbin fəaliyyət göstərdiyini, onlarda elmi-tədqiqat işlərinin də geniş aparıldığını qeyd edib. Bakını özünə doğma şəhər sayan G.Alasaniya çıxışını bu sözlərlə bitirib: «Biz qonşu deyilik, bir gəmidəyik. Bir yerdə daima yaşamalıyıq. Tarix boyu belə olacaq. İndi başlayan əməkdaşlığımızın da böyük əhəmiyyəti var».
Liviyalı alim Fəridə Alaki təhsilin və elmin hər bir xalqın gələcəyində mühüm rol oynadığını deyib. F.Alaki, ölkəsində son zamanlar baş verən hadisələrdən danışıb, Qəddafi rejimi devrildikdən sonra qadınların əldə etdikləri seçki, səsvermə azadlığı və digər hüquqların ölkənin demokratik inkişafı yolunda böyük addım olduğunu qeyd edib.
Tədbirdə Şərqşünaslıq İnstitutunun əməkdaşları da çıxış ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR