Kopenhagendə Avropanın Sosial Xidmətlər Konfransı keçirilib

Kopenhagendə Avropanın Sosial Xidmətlər Konfransı keçirilib
# 28 iyun 2012 13:13 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Kopenhagen (Danimarka) şəhərində “Dayanıqlı sosial xidmətlərin formalaşdırılması: Keyfiyyət, fəaliyyət, innovasiya” mövzusunda Avropanın XX Sosial Xidmətlər Konfransı keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, konfransda ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev, xidmətin məsləhətçisi Vüqar Behbudov, nazirliyin sosial təminat siyasəti şöbəsinin sektor müdiri Vüqar Salmanov iştirak ediblər.
Konfransda yeni iqtisadi reallıqlar şəraitində iqtisadi, sosial və ekoloji tərəqqiyə eyni zamanda nail olunması, dayanıqlı və hamı üçün sosial xidmətlər sisteminin yaradılması, sosial xidmətlər sahəsində dövlət, özəl və könüllü sektorlar arasında qarşılıqlı əlaqənin qurulması, həssas əhali qruplarının cəmiyyətə fəal inteqrasiyası, habelə bu sahələrlə bağlı daha təkmil sənədlərin hazırlanması məsələləri müzakirə olunub.
Tədbir çərçivəsində keçirilən seminarlarda sosial xidmətlərin dayanıqlı yerli inkişafda rolu, risk qrupuna daxil olan uşaqların effektli sosial müdafiə ilə əhatə olunması, sosial və mədəni həyatda iştirakına şəraitin yaradılması, uzunmüddətli reabilitasiya, insan amilinə əsaslanan sosial xidmətlərin hazırlanması və digər məsələlərlə bağlı fikir mübadilələri aparılıb, həmçinin qeyd olunan sahələrdə dünya təcrübəsindən təqdimatlar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR