Bakıda türk xalqlarının ümumi informasiya lüğətinin yaradılmasına dair ilk forum keçirilib

Bakıda türk xalqlarının ümumi informasiya lüğətinin yaradılmasına dair ilk forum keçirilib
# 06 noyabr 2012 11:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakıda görkəmli dilçi alim Ağamusa Axundovun anadan olmasının 80 illiyinə həsr olunmuş türk xalqlarının ümumi informasiya lüğətinin yaranmasına dair ilk forum keçirilib. APA-nın xəbərinə görə, forumda Azərbaycan, Türkiyə, Qazağıstan, Qırğızıstan və Özbəkistan alimləri iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktoru Fəxrəddin Veysəlli deyib ki, görüşün təşkil olunmasında əsas məqsəd türkdilli ölkələr üçün vahid informasiya lüğətinin yaradılmasıdır: “Türkiyə İnformasiya Dərnəyi ilkin olaraq 100 söz təqdim edib. Müzakirələr zamanı bu sözlərin Azərbaycan, qazax, özbək və qırğız dillərində variantları müəyyənləşdiriləcək və ingilis dilində də qarşılığı göstəriləcək”.

Türkiyəli professor Şükrü Haluk Akalın isə bildirib ki, türk xalqları üçün ortaq terminlər problemi 100 ilə yaxındır müzakirə olunur: “Hələ 1926-cı ildə I Türkoloji qurultayda müzakirə olunan əsas mövzulardan biri türk xalqları üçün vahid latın qrafikalı əlifba və ortaq terminlərin olması idi. İndi ortaq terminlər mövzusu yenidən türkdilli dövlətlərin gündəmindədir. Çünki texnologiyalar çox sürətlə inkişaf edir. Önümüzdə olan əsas vəzifə türkdilli ölkələr üçün türk köklü ortaq terminlərin yaradılmasıdır”.

Professor qeyd edib ki,hər bir türkdilli xalqın dilində yabançı dillərdən keçmə sözlər var: “Əsas niyyətimiz terminləri işlədən zaman yabançı dillərə deyil, türkdilli dövlətlərin dilinə uyğun terminlərə yer vermək və ortaq terminləri yaratmaqdır. Ortaq sözlərimizə bir daha baxmalı, farsca, ərəbcə, ingiliscə, rusca terminləri deyil, ortaq türkdilli terminləri işlətməliyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR