Azərbaycan-Türkiyə birgə müəssisəsinin Nigeriya vətəndaşına verilməsi ilə bağlı mətbuat konfransı keçirilib

Azərbaycan-Türkiyə birgə müəssisəsinin Nigeriya vətəndaşına verilməsi ilə bağlı mətbuat konfransı keçirilib
# 09 iyul 2007 12:31 (UTC +04:00)
Azərbaycanın “Merphy” şirkətinin mərhum təsisçisi Rauf Məmmədovun və Türkiyə vətəndaşı “Merphy Shipping Kommercial Services Limited” şirkətinin rəhbəri Serap Çətinkayanın vəkilləri bu gün mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, S. Çətinkayanın vəkili Yeganə Balakişiyeva Nigeriya vətəndaşı Adeola Aqbabiakanın Azərbaycanlı hakimlər və şirkətdə çalışan bir neçə nəfərlə birlikdə saxta sənədlər hazırlayaraq şirkəti ələ keçirdiyini deyib. Onun sözlərinə görə, R. Məmmədovla S. Çətinkaya 2001-ci ildə yükdaşımalarla məşğul olan şirkətlərini birləşdirərək “Merphy Shipping Kommercial Services Limited Azerbaijan” tam ortaqlı birgə müəssisə yaradıb. R. Məmmədovun tərcüməçisi Asim Baxşıyev şirkəti ələ keçirmək üçün 2004-cü ildə Londonda yerləşən eyniadlı “Merphy Shipping Kommercial Services Limited” şirkətinin təsisçisinin varisi Adeola Aqbabiaka ilə S. Çətinkayanı şərkətdən kənarlaşdırmaq üçün danışıqlar aparır və R. Məmmədovu da bu işə razı salır. S. Çətinkayanı şirkətdən uzaqlaşdırdıqdan sonra A. Aqbabiaka onun özünün, şirkətin və əməkdaşlarının bank hesablarına həbs qoydurur. R. Məmmədov 2005-ci ilin aprelində vəsiyyətnamə yazır və təsisçisi olduğu “Merphy” şirkətinin payından özünə 35 faiz, dostu Elxan Fərzəliyevə 25 faiz, qardaşı Paşa Məmmədova 20 faiz, tərcüməçini və köməkçisi olmuş Asim Baxşıyevə 20 faiz bölünməsini qeyd edib. Lakin bir il sonra - 2006-cı il aprelin 28-də sənədi dəyişərək, “Merphy” şirkəti ilə qardaşı Paşa Məmmədova məxsus olan “Avtostream” şirkətinin birləşdirilməsi haqda müqavilə imzalayıb. Vəkilin sözlərinə görə, rəsmi sənədlərin olmasına baxmayaraq, İqtisad Məhkəməsinin hakimi Afaq Nuriyeva şirkətin Nigeriya vətəndaşına aid olması ilə bağlı qərar çıxarıb. Vəkil hakimin saxta sənədlərdən istifadə etdiyini, ədalətsiz qərar çıxardığını bildirib.
R. Məmmədovun vəkili Abdulla Əfəndizadə isə müdafiə etdiyi şəxsin vəsiyyətnaməni dəyişməsindən 20 gün sonra vəfat etməsinin təsadüf olmadığını deyib. Onun sözlərinə görə, vəsiyyətnamənin dəyişməsindən sonra R. Məmmədov A. Baxşıyevin ad günündə iştirak edib və məhz həmin gündən sonra onun səhhəti qəflətən pisləşərək dünyasını dəyişib. İqtisad Məhkəməsi hakiminin saxta sənədlərdən, müqavilə və nizamnamələrdən istifadə etdiyini bildirən vəkil onun hərəkətləri ilə bağlı Məhkəmə-Hüquq Şurasına müraciət etdiklərini qeyd edib. Vəkillər sözügedən şirkətin hazırda məhz Nigeriya vətəndaşı tərəfindən idarə olunduğunu və bunun qanunsuz olduğunu bildiriblər. R. Məmmədovun qardaşı P. Məmmədov da qardaşının dünyasını dəyişməsinin təsadüf olmadığını deyib. O, Nigeriya vətəndaşının qardaşının keçmiş işçiləri ilə əlaqəyə girərək, şirkəti ələ keçirdiyini bildirib. P. Məmmədov hakim A. Nuriyevanın baxdığı iddialara yenidən baxılmasını vacib sayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR