“Həbsxanadan azad olmuş şəxslərin sosial adaptasiyası” mövzusunda dəyirmi masa keçirilib

“Həbsxanadan azad olmuş şəxslərin sosial adaptasiyası” mövzusunda dəyirmi masa keçirilib
# 18 iyul 2007 11:49 (UTC +04:00)
“Gənc Hüquqşünas Qadınlar Hüquqi İslahatlar Uğrunda” İctimai Birliyinin təşkilatçılığı ilə “Həbsxanadan azad olmuş şəxslərin sosial adaptasiyası” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, qurumun sədri Aida Məmmədova bildirib ki, Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun maliyyə dəstəyi ilə azad edilmiş şəxslərin sosial adaptasiyası ilə bağlı rəhbərlik etdiyi QHT tərəfindən layihə həyata keçirilir. O, proqramın əsas məqsədinin həbsdən azad olmuş şəxslərin sosial adaptasiya prosesinin asanlaşmasına xidmət etməkdən ibarət olduğunu vurğulayıb. “Hüquq Dünyası” təşkilatının sədri Nazir Quliyev dəyirmi masada məruzə ilə çıxış edib. O, bu kateqoriyaya aid olan insanların psixoloji, sosial və hüquqi problemlərlə üzləşdiklərini, bu səbəbdən həbsdən azad olmuş şəxslərin bir çox hallarda sonradan cinayət törədərək yenidən həbsxanaya qayıtdıqlarını vurğulayıb. N. Quliyev həbsdən azad olunmuş şəxslərin sosial adaptasiyası mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib. Penitensiar Xidmətin şöbə rəisi Rafiq Ramazanov təkrar cinayət törətmə hallarının mövcudluğunu təsdiqləyib. Onun sözlərinə görə, “Cəzaların İcra Məcəlləsi”nə uyğun olaraq cəza müddəti başa çatmağa 3 ay qalmış məhkumların yaşadıqları ərazinin icra orqanlarına, məşğulluq idarələrinə və polis orqanlarına məlumat verilir. Həmçinin 3 ay müddətində məhkumların özləri ilə də söhbətlər aparılır. Məhkumların sosial adaptasiyası ilə bağlı bir müddət əvvəl qanunun qəbul edildiyini bildirən R. Ramazanov hətta bir sıra inkişaf etmiş ölkələrdə belə bu qanunun olmadığını vurğulayıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Cəmilə Bağırova isə cəmiyyətin keçmiş məhkumlara münasibətinin dəyişməsinin vacib olduğunu qeyd edib. Dəyirmi masada iştirak edən digər iştirakçılar da mövzu ilə bağlı öz fikirlərini bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR