Payız-qış mövsümündə Naxçıvanda daha 20 bina istiliklə təmin olunacaq

Payız-qış mövsümündə Naxçıvanda daha 20 bina istiliklə təmin olunacaq
# 11 sentyabr 2007 10:51 (UTC +04:00)
Cari payız-qış mövsümündə Naxçıvan şəhərində daha 20 yaşayış binası istiliklə təmin olunacaq. Naxçıvan şəhər İstilik Təsərrüfatı İdarəsindən APA-nın Naxçıvan bürosuna verilən məlumata görə, qazanxanalarda təmir işlərinin aparılması bu il ümumilikdə 6247 mənzilin tam şəkildə istiliklə təmin olunmasına imkan verəcək. İdarənin rəisi Seyfəddin Bağırovun sözlərinə görə, payız-qış mövsümünə hazırlıqla əlaqədar şəhərin Atabəylər, Babək və Əlincə məhəllələrinin qazanxanalarında hər birində 2 ədəd 37 kVt gücündə su nasosları quraşdırılıb. Hazırda I, II və III mikrorayonların ərazisində yerləşən qazanxanalarda cari təmir işlərinin aparılmasına başlanılıb. Növbəti mərhələdə 57 və 26 nömrəli qazanxanalarda da təmir işləri başa çatdırılacaq.
İdarə rəisi əlavə edib ki, bu il həmçinin 25 inzibati bina istiliklə təmin olunacaq. Bütün bunlar isə şəhər ərazisində 18 qazanxananın tam gücü ilə işləməsi hesabına həyata keçiriləcək.
Qeyd edək ki, 2006-2007-ci ilin payız-qış mövsümündə Naxçıvan şəhərində 18 qazanxana fəaliyyət göstərib, 109 yaşayış binasında 5047 mənzil istiliklə təmin olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR