Oktyabrın birinci ongünlüyündə efirə çıxmağa hazırlaşan “Xəzər” TV kadrları müsabiqə yolu ilə seçəcək

Oktyabrın birinci ongünlüyündə efirə çıxmağa hazırlaşan “Xəzər” TV kadrları müsabiqə yolu ilə seçəcək
# 17 sentyabr 2007 10:03 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında “Xəzər” TV MMC-nin təsisçisi Asəf Hacıyev bildirib. A. Hacıyev deyib ki, STV-nin Azərbaycan nümayəndəliyinin avadanlıqlarını al]ı-satqı yolu ilə almaq üçün aparılan sənədləşdirmə prosesi hələ ki, başa çatmayıb: “Digər tərəfdən, “Samanyolu”nun avadanlıqları bizim fəaliyyətə başlamağımız üçün kifayət etmir, yeni avadanlıqlar almalıyıq. Bunun üçün də vaxt lazımdır. Artıq avadanlıqların gətirilməsi ilə bağlı danışıqlar gedir, pul köçürmüşük. Çox güman ki, avadanlıqlar yaxın zamanda Azərbaycanda olacaq. Oktyabrın birinci ongünlüyündə fəaliyyətə başlamağı nəzərdə tuturuq. Mən xahiş etmişəm ki, tezlik boş qalmasın deyə, STV-nin verilişlərinin yayımı davam etdirilsin”.
Azərbaycan telekanallarında elm, mədəniyyət, təhsillə bağlı proqramlara çox az yer ayrıldığını bildirən A. Hacıyev deyib k, “Xəzər” TV bu boşluğu aradan qaldırmaq üçün təsis edilib: “Buna nə dərəcədə gücümüz çatacaq, onu zaman göstərəcək. Hər halda sözümüzün üstündə durmağa çalışacağıq. Ayın sonlarında yığıncağımız olacaq. Ola bilsin ki, orada hansı verilişlərlə fəaliyyətə başlamaq barədə razılıq əldə edilsin”.
A. Hacıyev bildirib ki, STV-nin Azərbaycan təmsilçiliyinin əməkdaşlarına da “Xəzər” TV-də çalışmaq üçün şərait yaradılacaq: “STV-nin əməkdaşlarının 80-90 faizini işlə təmin edə bilərik. Təbii ki, əlavə kadrların işə götürülməsi ilə bağlı müsabiqə keçirəcəyik. Müsabiqədə televiziya sahəsində təcrübə qazanmış professionallara üstünlük verəcəyik”.
Təsisçi, “Xəzər TV”-nin “Samanyolu” kanalının bağlı olduğu dairələrlə yaxınlığı barədə yayılan məlumatları təkzib edib: “Bu, qeyri-dəqiq məlumatdır. Biz “Samanyolu”nun binasından oturacağıq deyə, bu heç də o demək deyil ki, “Xəzər” TV Türkiyə ilə bağlıdır, yaxud da “Samanyolu”nun davamçısıdır. Ümumiyyətlə, “Xəzər” TV ilə bağlı qeyri-dəqiq məlumatlar yayılıb. Qəzetlərdən biri yazıb ki, guya mən demişəm ki, “Xəzər” TV-də müxalifətə yer verilməyəcək. Bu barədə sual verən olmayıb və mən bu haqda danışmamışam. Sadəcə, demişəm ki, biz elm, maarifçiliklə bağlı olan verilişlərə geniş yer ayıracağıq və aparılan müzakirələrdə hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər”.
A. Hacıyev onu da bildirib ki, təsisçi olmaqla yanaşı, həm də kanalın baş direktorudur.
Professionalları, tanınmış simaları “Xəzər” TV-yə işə dəvət etmək niyyətində olduğunu deyən A. Hacıyev kanalda “Xəbərlər” proqramın olacağını, amma bunun bir müddət sonra efirə çıxacağını deyib. O, “Xəzər” radiosunun fəaliyyətə başlayacağını da istisna etməyib: “Amma bu, sonranın işidir”. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR