Sarat Daş: “PKK-ya qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar Azərbaycana qeyri-qanuni miqrant axını gözlənilmir”

Sarat Daş: “PKK-ya qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar Azərbaycana qeyri-qanuni miqrant axını gözlənilmir”
# 13 dekabr 2007 09:26 (UTC +04:00)
Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir. Bu beynəlxalq təşkilatın quruma daxil olan 119 ölkədə və müşahidəçi statusuna malik 20 dövlətdə nümayəndəliyi var. Beynəlxalq Miqrasiya Təşkilatı quruma üzv ölkələrin hökumətlərinə miqrasiya siyasətinin həyata keçirilməsində, bu sahəyə dair problemlərin həllində yardım göstərir.

- Cənab Daş, Azərbaycanda miqrasiyaya dair Dövlət Proqramının qəbul olunmasından təqribən bir il ötür. Bu proqramın beynəlxalq standartlara uyğunluğu və necə həyata keçirilməsi ilə bağlı Sizin fikrinizi bilmək istərdik...
- Dövlət Proqramı kifayət qədər dəqiq və plan üzrə həyata keçirilir. Bu sənədin əsas uğuru kimi miqrasiyaya dair Dövlət Proqramını həyata keçirəcək konkret qurumun Dövlət Miqrasiya Xidmətinin yaradılmasını qeyd edə bilərəm. Azərbaycan hökumətinin miqrasiya siyasətinə nə qədər ciddi yanaşmasını təsdiqləyən digər fakt kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında traffikinq qurbanlarının reabilitasiya mərkəzinin yaradılması ideyasını göstərmək olar. Biz hələ ötən ay nazirliyin nümayəndələri ilə görüşərək bu layihəni necə reallaşdıra biləcəyimizi müzakirə etmişik.
- Bu mərkəz yalnız traffikinq qurbanlarının reabilitasiyası ilə məşğul olacaq, yoxsa, həm də bu kimi hallara qarşı profilaktik tədbirlər həyata keçirəcək?
- Bu, məhz reabilitasiya mərkəzi olacaq, yəni, mərkəzin əsas məqsədi traffikinq qurbanlarının üzləşdikləri faciədən sonra özlərini mənəvi və psixoloji baxımdan bərpa etməsinə yardım göstərmək olacaq. Traffikinq faktlarının qarşısının alınması səlahiyyəti isə əvvəlki kimi Daxili İşlər Nazirliyinin müvafiq şöbəsinin səlahiyyətində qalır. Amma belə bir mərkəzin yaradılması hələ də kağız üzərində qalır, biz bu layihəni necə maliyyələşdirmək məsələsi üzərində düşünməliyik. Bildiyiniz kimi, Beynəlxalq Miqrasiya Təşkilatının öz vəsaiti yoxdur, proqramlarını donor-ölkələrin hesabına həyata keçirir. Odur ki, biz maliyyə problemini həll etməsək, bu layihə barədə ümumiyyətlə söhbət gedə bilməz. Traffikinq qurbanlarının reabilitasiya mərkəzinin yaradılmasına maliyyə ayırmağın mümkün olub-olmadığı yaxın 2-3 ay ərzində bilinəcək. Qeyd etmək istəyirəm ki, Azərbaycan hökumətinin Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə həyata keçirməyə maraq göstərdiyi daha bir neçə layihə var. Bunlardan biri miqrasiya və miqrasiya siyasətinə dair bu günə qədər qəbul olunmuş qanun və fərmanların vahid proqram şəklinə salınması ilə bağlıdır. Bizim yaxın zamanlarda reallaşdırmaq istədiyimiz layihələrdən biri də Azərbaycanın daxil olduğu bütün Qara dəniz regionunu əhatə edir. Bu regiona daxil olan ölkələrin miqrasiya və miqrasiya siyasətinə dair əməkdaşlığını məhz Beynəlxalq Miqrasiya Təşkilatı koordinasiya edir. Həm də bu fəaliyyət təkcə bizim bu ölkələrdəki nümayəndəliklərimiz səviyyəsində deyil, daha yüksək səviyyədə əlaqələndirilir. Məsələn, gələn ilin yazında və payızında Qara dəniz hövzəsi regionu dövlət başçıları və xarici işlər nazirlərinin toplantısında digər problemlərlə yanaşı, miqrasiya məsələlərini də müzakirə edəcəklər. Ümumiləşdirərək qeyd etmək istəyirəm ki, biz Azərbaycan dövlətinin bu istiqamətdə fəaliyyətindən və bizim təşkilatla əməkdaşlığından çox razıyıq.
- Azərbaycanda miqrasiyaya dair Dövlət Proqramının qəbulundan sonra bu sahədə hansı yeniliklər tətbiq olunub?
- Azərbaycanda miqrasiya siyasətini həyata keçirən çoxlu nazirlik və dövlət qurumu var. Buna görə də mən həmin qurumların fəaliyyətini koordinasiya etmək və vahid struktur Dövlət Miqrasiya Xidməti çərçivəsində birləşdirmək istəyini mühüm addım hesab edirəm. Düşünürəm ki, tam gücü işə fəaliyyətə başladıqdan sonra Dövlət Miqrasiya Xidmətinin işi daha da aktivləşəcək.
- Mətbuatda Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinə dair informasiyalar çox azdır. Bu, nə ilə əlaqədardır?
- Birinci səbəb bu qurumun bu yaxınlarda mart ayında prezident sərəncamı ilə yaradılmasıdır. Yeni qurum olduğuna və əvvəllər Azərbaycanda belə struktur fəaliyyət göstərmədiyinə görə təşkilati məsələlərin həllinə - ofis, təchizat, kadr seçimi işlərinə kifayət qədər çox vaxt gedib. Qeyd etməliyəm ki, bu xidmət qarşısına qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlir. Məsələn, prezidentin sərəncamından cəmi bir ay sonra quruma rəhbər təyin olunub və Dövlət Miqrasiya Xidməti formal də olsa, işə başlayıb. Dövlət Miqrasiya Xidməti bu yaxınlarda işçi ştatlarını tamamlayıb və ilin sonuna kimi yeni ofisə köçməyə hazırlaşır.
- Daxili İşlər Nazirliyi yanında miqrasiya xidmətinin Dövlət Miqrasiya Xidmətinə birləşdiriləcəyi barədə məlumatlar səslənirdi. Bu, nə dərəcədə həqiqətə uyğundur?
- Hər bir nazirlikdə, o cümlədən Daxili İşlər Nazirliyində miqrasiya məsələlərinə baxan xüsusi şöbə var. Bu strukturlar öz əvvəlki iş rejimlərində fəaliyyət göstərəcəklər. Dövlət Miqrasiya Xidməti isə müstəqil strukturdur və heç bir nazirliyə tabe deyil. Digər nazirliklərin tərkibində olan miqrasiya məsələlərinə baxan şöbələr isə Dövlət Miqrasiya Xidmətinin tabeçiliyinə verilməyəcək. Məsələn, Xarici İşlər Nazirliyinin vizaların verilməsinə məsul idarəsi öz işini əvvəlki qaydada davam etdirəcək və XİN-ə tabe olacaq. Dövlət Miqrasiya Xidməti isə koordinasiya funksiyasını həyata keçirəcək. Bu qurum daha çox makrosəviyyədə yürüdülən siyasəti formalaşdıracaq, məsələn, miqrasiyaya dair Dövlət Proqramının inkişaf istiqamətlərini müəyyənləşdirəcək, gələcəkdə bir çox siyasi məsələlərin həllində səsvermə hüququna malik olacaq. Bu səbəbdən də qeyd olunan quruma xidmət deyilir. Dövlət Miqrasiya Xidməti müstəqil strukturdur, eyni zamanda nazirlik deyil. Bu struktur gələcəkdə daha çox miqrasiya sahəsində tədqiqatlarla məşğul olacaq.
- O zaman Azərbaycanda miqrantların sayı ilə bağlı məlumatları hansı qurum toplayacaq - Dövlət Miqrasiya Xidməti, yoxsa Dövlət Statistika Komitəsi?
- Məncə, Dövlət Miqrasiya Xidməti öz siyasətini və iş prinsiplərini müəyyənləşdirmək üçün şəxsi informasiya mənbələrinə və məlumat bazasına malik olacaq. Dövlət Statistika Komitəsi bütün sahələrə dair məlumatlar toplayan dövlət qurumudur, Dövlət Miqrasiya Xidməti bu qurumun məlumatlarından istifadə edəcək və bu məlumatları öz şəxsi informasiyaları hesabına daha da zənginləşdirəcək. Amma bir daha təkrarlamaq istəyirəm ki, Dövlət Miqrasiya Xidməti ilə bağlı vəziyyət bu qurum tam gücü ilə fəaliyyətə başladıqdan sonra daha aydın olacaq.
- Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlıq edirmi və bu əməkdaşlıq nə dərəcədə uğurludur?
- Bu əməkdaşlığa misal olaraq Beynəlxalq Miqrasiya Təşkilatının Dövlət Miqrasiya Xidməti yaradıldıqdan bir müddət sonra bu qurumun əməkdaşlarından ibarət nümayəndə heyətinin Avstriyaya səfərini təşkil etməsini göstərə bilərəm. Bizim ofis Dövlət Miqrasiya Xidməti əməkdaşlarının peşəkarlığını artırmaq üçün onlara mütəmadi seminar və treninqlər keçir. Dekabrın 3-dən 7-dək biz bu xidmətə yeni işə götürülmüş əməkdaşlar üçün beş günlük intensiv kurslar təşkil etmişik. Kursların məqsədi yeni işçiləri miqrasiya siyasətinin mühüm aspektləri ilə daha yaxından tanış etmək idi. Oktyabr ayında bizim Gürcüstanda keçirdiyimiz birgə seminara Azərbaycan, Ermənistan və Gürcüstanın miqrasiya məsələlərini kurasiya edən nazirlik və qurumlarının təmsilçiləri də qatılıblar.
- Ümumvətəndaşlıq pasportlarına biometrik elementlərin daxil edilməsi ilə bağlı məsələ nə yerdədir? Bu istiqamətdə iş aparılırmı?
- Mən bu məsələdə Azərbaycan prezidentinin 12 fevral 2007-ci ildə biometrik məlumatlar sisteminin yaradılmasını nəzərdə tutan proqramın hazırlanması barədə fərman imzaladığını xatırlatmaq istəyirəm. Ümumvətəndaşlıq pasportlarına biometrik parametrlərin daxil edilməsi bu sənədlərin saxtalaşdırılmasının qarşısını alır. Bu zaman xüsusi texniki avadanlıq vasitəsilə biometrik müdafiə elementlərini yoxlamaq mümkün olacaq ki, bu da ilk növbədə miqrantların yoxlanılması işini asanlaşdıracaq. Proqramda bu işlə məşğul olacaq nazirlik və qurumların adları dəqiqliklə əksini tapıb. Proqram bir neçə mərhələni əhatə edir, bu səbəbdən proqramın həyata keçirilməsi müəyyən qədər vaxt tələb edir.
- Azərbaycana gələn xarici vətəndaşlara miqrasiya kartlarının verilməsi ideyasını necə dəyərləndirirsiniz?
- Hesab edirəm ki, hər bir ölkə miqrasiya prosesi üzərində nəzarəti yaxşılaşdırmaq istiqamətində hansı addımlar atacağını müstəqil müəyyənləşdirmək hüququna malikdir.
- Regionda baş verən son hadisələr, xüsusilə PKK terrorçularına qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar Azərbaycana qeyri-qanuni miqrant axını təhlükəsi varmı?
- Bizim fikrimizcə, belə təhlükə yoxdur, yəni, Azərbaycana çoxlu sayda miqrant axını gözlənilmir. Digər tərəfdən, Azərbaycan bu problemin öhdəsindən gəlmək üçün bütün zəruri resurslara malik olan güclü dövlətdir. Miqrasiya pozitiv təzahürdür, bu proses bütün dünyada olub, gedir və gedəcək. Hesab edirəm ki, əsas məsələ miqrasiya prosesini insanların rifahına yönləndirməkdir. Prosesi bu istiqamətdə tənzimləmək lazımdır ki, insanlar qanunları pozmadan asanlıqla başqa ölkələrə getmək imkanına malik olsunlar. Miqrasiya prosesi ilk növbədə sərhədlərdə tənzimlənməlidir, qeyd olunan sahədə meydana çıxan bir çox problemin həlli yolu budur.
- Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan sərhədlərində nəzarətin yaxşılaşdırılmasına dair layihəsi var. Hazırda bu layihənin icrası hansı mərhələdədir?
- Layihənin icrası davam edir. Bu, Azərbaycanın Biləsuvar rayonundakı sərhədlərində həyata keçirilən pilot layihədir. Beynəlxalq Miqrasiya Təşkilatı “Azərbaycanın cənub sərhədlərində inteqrasiya olunmuş sərhəd nəzarətinin yaradılması” adlanan bu layihəni Avropa Komissiyasının dəstəyi, Dövlət Sərhəd Xidməti və sərhədlərə nəzarətə məsul olan digər nazirliklərlə əməkdaşlıq çərçivəsində həyata keçirir. Bu, Azərbaycanda uğurla həyata keçirilən layihələrdən biridir. Layihənin məqsədi Azərbaycanın dövlət strukturlarına sərhədlərin mühafizəsini daha yaxşı təşkil etməkdə yardımçı olmaqdır. Layihənin icrasına miqrasiya problemlərinin həlli ilə məşğul olan bir neçə nazirlik cəlb olunub. Layihə çərçivəsində Dövlət Sərhəd Xidməti yanında sərhədçilərin təlimi ilə məşğul olan xüsusi treninq-mərkəz yaradılıb. Bu mərkəzdə mütəmadi olaraq xarici ekspertlərin iştirakı ilə treninqlər keçirilir, mühazirələr oxunur. İndi bu treninq və mühazirələrə təkcə sərhədçilər deyil, Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları da cəlb olunublar. Gələcəkdə Azərbaycanın digər sərhəd məntəqələrində də analoji layihələrin reallaşması məsələsinə baxa bilərik. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR