“Əlilliyi olan insanlar üçün bərabər imkanlar və bərabər hüquqlar” mövzusunda konfrans keçirilib
31 yanvar 2008 10:09 (UTC +04:00)
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), UNİCEF və Azərbaycan Əlil Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “Əlilliyi olan insanlar üçün bərabər imkanlar və bərabər hüquqlar” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə əlil təşkilatlarının nümayəndələri, əlillər, icra qurumlarının təmsilçiləri, Milli Məclisin üzvləri iştirak edib. Ombudsman Elmira Süleymanova bildirib ki, konfransın keçirilməsində məqsəd ölkədə əlilliyi olan insanların vəziyyətinin öyrənilməsi, onların hüquqlarının qorunması, ehtiyac yaranan qanunlara dəyişikliklərin həyata keçirilməsi və Azərbaycanın Əlillərin Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Konvensiyaya qoşulması ilə bağlıdır. Azərbaycanın yanvarın 9-da sözügedən konvensiyaya imza atdığını deyən E. Süleymanova parlamentin ratifikasiyasından sonra onun icrası istiqamətində müvafiq addımların atılacağını deyib. Ombudsman əlillərlə bağlı bir sıra qanunların mövcud olduğunu, lakin onların bəzilərinin yerinə yetirilmədiyini deyib: “Mən Bakı şəhər İcra Hakimiyyətinin başçısına neçə dəfə müraciət etmişəm ki, yollar təmir olunarkən pantuslar olsun. Bu, xüsusi xərc tələb etmir. Həmişə “baş üstə” deyirlər, amma iş yoxdur. Görüntü xatirinə bir neçə yerdə pantus var. Xarici ölkələrdə əlillər araba ilə rahat şəkildə küçələrdə gəzə, bazara gedə bilirlər”. E. Süleymanova həmçinin, ölkəyə liftli avtobusların gətirilməsi ilə bağlı Nəəqliyyat Nazirliyinə müraciət etdiyini də deyib. UNİSEF-in Azərbaycandakı nümayəndəsi Hanaa Singer “Əlilliyi olan uşaqlar: reallıq, çətinliklər və ümidlər” mövzusunda çıxış edib. O, hazırda dünyada 500 milyondan çox əlilin olduğunu, bunların isə 150 milyonunun uşaqlar olduğunu deyib. H. Singer bir sıra hallarda əlillərə qarşı ayrı-seçkiliyin olduğunu və bu münasibətin onlara mənfi təsir etdiyini bildirib. Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli “Əlilliyi olan insanların sosial müdafiəsi sahəsində milli qanunvericilik” mövzusunda çıxış edib. H. Rəcəbli də əlillərin sosial müdafiəsi ilə bağlı qanun bazasının kifayət qədər olduğunu bildirib. Amma o, bir sıra qanunların işləmədiyini bildirib: “Şəhərsalma haqqında qanunda pantusların olması birbaşa göstərilib, amma buna əməl olunmur. Həmçinin hər 25 iş yerindən birinin əlillərə ayrılması da qanunda nəzərdə tutulub. Bu qanun da bir çox halda nəzərə alınmır”. Tədbirdə iştirak edən digər şəxslər də mövzu ətrafında öz fikirlərini bildiriblər. /APA/