MM-dən APA-ya verilən məlumata görə, MM sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova görüşdə ATƏT-Azərbaycan əməkdaşlığından danışıb.
O qeyd edib ki, Azərbaycan ATƏT-in bərabərhüquqlu üzvü olmaqla yanaşı təşkilatın dəyərlərinin regionda bərqərar olmasının ən fəal təbliğatçısıdır. O, Azərbaycanda beşinci çağırış MM-ə keçirilən seçkilərin uğurla başa çatdığını bildirib, nümayəndə heyətinə yeni seçilmiş millət vəkilləri ilə qonaqları tanış edib.
B. Muradova ATƏT-lə münasibətlərin hazırkı vəziyyətinə toxunaraq bildirib ki, AŞPA-da “Azərbaycanın işğal olunmuş ərazilərində və ətraf rayonlarda zorakılıq hallarının artması” və “Azərbaycan vətəndaşlarının su ehtiyatlarından (Sərsəng su anbarı) istifadə etməsinin məqsədli şəkildə məhrum edilməsi” ilə bağlı iki qətnamənin müzakirəsi gündəmdədir: “Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupu bu məsələnin sırf onlara aid bir səlahiyyət olduğunu vurğulayır, digər nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycan vətəndaşlarının düşdüyü durum, Dağlıq Qarabağ münaqişəsinə dair vəziyyətlə bağlı vacib sənədlərin qəbuluna qarşı çıxırlar. Minsk qrupu bu vəziyyətə dair müzakirələri normal qarşılamalıdır”.
Vitse-spiker münaqişənin mövcud olduğu illər ərzində Minsk qrupunun Dağlıq Qarabağ probleminin həlli istiqamətində irəliyə doğru heç bir addım atmadığını, əməkdaşlığın inkişafı və regionda təhlükəsizliyin təmin olunması üçün təşkilatın səylərini artırmasının zəruriliyini diqqətə çatdırıb.
ATƏT Parlament Assambleyasının sədr müavini Georgi Sereteli təşkilatın sədri İlkka Kanervanın salamlarını çatdırıb və səhhətində yaranan problemə görə bu səfərdə iştirak edə bilmədiyini təəssüflə qeyd edib.
ATƏT-in quruma üzv ölkələrdə seçkiləri izləyən başlıca təşkilatlardan olduğunu deyən qonaq bununla bağlı yaşanan xoşagəlməz hala – ATƏT-in Azərbaycanda seçkilərə müşahidəçilər göndərməməsi ilə bağlı vəziyyətə görə təəssüfləndiyini də vurğulayıb. Azərbaycanın ATƏT üçün ən dəyərli ölkələrdən biri olduğunu deyən qonaq hər iki tərəfin səyi nəticəsində bu səfərdən sonra münasibətlərimizin daha da möhkəmlənəcəyinə inamını ifadə edib.
Görüşdə ATƏT-in baş katibi Roberto Montella bu vəzifədə ilk səfərinin məhz Azərbaycana olduğunu və bundan məmnunluq hissi duyduğunu bildirib. Qonaq ötən ilin noyabrında Azərbaycan MM-ə beşinci çağırış seçkilərin uğurlu nəticələrinə görə təbriklərini şatdırıb. O, qurumla Azərbaycan arasında əməkdaşlığın dərinləşməsi üçün fəaliyyətində qərəzsizlik, ikili standartlardan kənar mövqe və ədalət prinsiplərini rəhbər tutacağını diqqətə çatdırıb.
Görüşdə ATƏT PA sədrinin digər müavini Kent Harstedt, Bolqarıstanın ATƏT PA-dakı üzvü Kristian Vigenin, millət vəkilləri Azay Quliyev, Kamran Nəbizadə, Tahir Mirkişili, Ülviyyə Ağayeva, Elşad Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.