Ümumi təhsil müəssisələrinin müəllimləri üçün keçirilən “Onlayn dərs” müsabiqəsinin məktəbdaxili mərhələsinin vaxtı uzadılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) APA-ya verilən məlumata görə, müəllimlərin müraciətləri nəzərə alınaraq müsabiqənin məktəbdaxili mərhələsi 15 aprel 2021-ci il tarixədək davam edəcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən təşkil olunan müsabiqənin məqsədi ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin onlayn dərslərdəki nəzəri və təcrübi biliklərini digər müəllimlər arasında yaymaq, qabaqcıl təcrübəni öyrənmək, fənlər üzrə ən yaxşı onlayn dərs modellərini müəyyənləşdirməkdən ibarətdir.
İki mərhələdən (məktəbdaxili və şəhər) ibarət müsabiqə ibtidai və yuxarı siniflər kateqoriyası üzrə təşkil olunur. Hər müəllim yalnız bir onlayn dərs modeli ilə müsabiqədə iştirak edə bilər.
Müsabiqənin məktəbdaxili mərhələsində hər təhsil müəssisəsi üzrə 3 ən yaxşı onlayn dərs modeli seçilərək [email protected] elektron ünvanına göndəriləcək. Müsabiqənin şəhər mərhələsində isə məktəblər üzrə ən yaxşı onlayn dərs modelləri seçiləcək.
Müsabiqənin nəticələrinə əsasən, ibtidai siniflər kateqoriyası üzrə 3 müəllim I, 3 müəllim II, 3 müəllim III yerə, yuxarı sinif kateqoriyası üzrə isə 5 müəllim I, 5 müəllim II, 5 müəllim isə III yerə layiq görüləcək.
Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqədə fəal iştirakına görə 15 onlayn dərs tədris edən müəllimə "Tərifnamə" təqdim olunacaq.