Bu gün baş nazir Artur Rasizadə Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumun nümayəndələrini qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, postsovet məkanında ən dinamik inkişaf edən ölkələrdən biri olan Azərbaycan və Rusiya dövlət başçılarının təşəbbüsü ilə keçirilən Forumun artıq yaxşı ənənəyə çevrildiyini deyən Rusiya nümayəndə heyəti ölkələrimiz arasında mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını vurğulayıblar.
Eyni zamanda tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür olunub. Azərbaycan iqtisadiyyatının uğurları barədə məlumat verən A. Rasizadə görüşdə xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Baş nazir deyib ki, bütün səylərə baxmayaraq işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından hələ də həllini tapmamış problemin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə alternativ yoxdur.
Qəbulda tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.