ABŞ dezinformator rolunda: problem analitik mərkəzlərin diqqətini çəkib

ABŞ dezinformator rolunda: problem analitik mərkəzlərin diqqətini çəkib
# 23 oktyabr 2023 12:07 (UTC +04:00)

APA Müşfiq Ələsgərlinin "ABŞ dezinformator rolunda: problem analitik mərkəzlərin diqqətini çəkib" adlı məqaləsini təqdim edir.

“Feyk xəbər”lə “dezinformasiya”nın fərqi

“Fake news”, “Misinformation”, “Disinformation” və digər bu kimi terminlər sinonim qismində işlədilirlər. Cəm halında xəbərin yanlışlığını, saxtalığını ifadə edirlər. Amma müasir media nəzəriyyələri bu terminləri bir-birindən ayırır. “Saxta xəbər”i yayılma şərtinə, niyyət və məzmununa görə növlərə bölürlər. Təsnifatlaşdırmanın nəticəsi olaraq, qeyd edilən terminlər tamamilə yeni anlayışda ortaya çıxırlar.

Mahiyyəti budur ki, yanlışlığın xəbərə təsadüfən, yoxsa bilərəkdən daxil edilməsinin önəmi vardır. “Misinformation” üzrə təsnif edilən xəbərlər barədə deyirlər ki, buradakı “yanlışlıq” təsadüfi xarakter daşıyır, texniki amillərlə əlaqəli olur. Xəbər istehsalçısı olan şəxsin etimadsız mənbələrə istinad etməsi onun yaydığı informasiyanın yanlışlıq dərəcəsini artıra bilir. Bir sözlə, “Misinformation” deyərkən, “zərərli məqsəd güdmədən yayılmış yalan xəbərlər” nəzərdə tutulur ( https://www.dictionary.com/e/misinformation-vs-disinformation-get-informed-on-the-difference/ ).

Növlər arasında ən ziyanlı olanı “dezinformasiya”dır. Digərlərindən fərqli olaraq, bu kateqoriya “bilərəkdən saxtalaşdırılmış, qərəzli şəkildə manipulyasiya edilmiş...fakt və məlumatları”nəzərdə tutur. Ekvivalent olaraq “rəqib tərəfdə təxribat törətmək məqsədilə düşməncəsinə yayılan saxta məlumat” cümləsindən istifadə edilir. Elmi ədəbiyyatlarda qeyd edilir ki, “Dezinformasiya bilərəkdən saxtalaşdırılmış yalan məlumatdır, mahiyyətində mənfur motivlər vardır. Zərərli niyyətlər üçün yaradılmışdır”.

Dezinformasiya ABŞ siyasətində alətə çevrilib

“Dezinformasiya” mahiyyət baxımından tarix boyu mövcud olsa da, termin qismində elmi ədəbiyyatda 1965-ci ildən diqqət çəkib. Sovet İttifaqı ilə ABŞ arasında mövcud olmuş “soyuq müharibə dövrü”nün şərtləri kontekstində gündəmə gəlib. Rəqib olan bu dövlətlər bir-biri haqqında qəsdən saxtalaşdırılmış məlumatlar-dezinformasiyalar yayıblar. Amma Sovet İttifaqının dağılması, “soyuq müharibə”nin bitməsi dezinformasiya amilini aradan qaldırmayıb. ABŞ dezinformasiyanı öz siyasətinin elemetinə çevirərək inkişaf etdirib.

Analitik mərkəzlər qeyd edirlər ki, “Saxta xəbər”in gündəlik informasiya dövriyyəsində payı 45-80 faiz aralığında dəyişir. Belə yüksək göstəricini internetin inkişafı, onlayn media resurslarının artması ilə əlaqələndirirlər. Dezinformasiyanın kəmiyyət artımı isə təkcə sosial medianın inkişafına deyil, həm də siyasi proseslərin aktivliyinə bağlıdır. Təhlilçilər bu kontekstdə ən yaxşı nümunə olaraq, yenə də ABŞ-ın üzərində dayanırlar.

Nüfuzlu “PolitiFact” platforması 2016-cı ildə “dezinformasiya”nı “ABŞ siyasətinin fenomeni” elan edib. Bu qənaət ABŞ-da keçirilmiş prezident seçkisi zamanı namizədlər tərəfindən yayılan informasiyaların təhlil edilməsi ilə formalaşıb. “PolitiFact” bu nəticəyə gəlib ki, dezinformasiya ABŞ siyasətinin ayrılmaz elementinə çevrilib. Prezidentliyə namizədlər də, mövcud prezidentlər də bu alətdən yararlanırlar ( https://www.politifact.com/article/2016/dec/13/2016-lie-year-fake-news/ ).

Məşhur tədqiqat mərkəzlərindən olan “Statista” isə mövzunu daha da konkretləşdirib. 2022-ci ildə keçirdiyi sorğunun nəticələri üzrə hazırladığı hesabatda qeyd edib ki, ABŞ-da ümumi informasiya dövriyyəsində feyk xəbərin payı 56 faizə çatır. Ən maraqlısı isə odur ki, sorğu iştirakçılarının 50 faizi “saxta xəbər” artımının kökündə ölkənin rəsmi dairələrinin dayandığını deyiblər ( https://www.statista.com/statistics/1389356/gen-z-millennials-misinformation-and-responsibility-us/ ).

Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutlar Federasiyası (International Federation of Library Associations and Institutions-IFLA) insanlara saxta xəbərləri tanımaqda kömək etmək üçün diaqram şəklində xülasə hazırlayıb. Sənəddə əks olunmuş 14 bənddən 2-si xüsusilə diqqət çəkir. Qeyd edilir ki, “Feyk xəbər”i gerçək xəbərdən fərqləndirmək üçün öncə müəllifin, sonra da istinad olunmuş mənbənin legitimliyini yoxlamaq lazımdır ( https://repository.ifla.org/handle/123456789/167 ). Yəni, əgər mənbə və müəllif legitimdirsə, onda xəbərin saxta olması yönündə şübhələr də azalır.

İndiki dövrün ən böyük problemi isə odur ki, “Fake news” həm də legitim qurumlar tərəfindən yaradılır və yayılır. ABŞ və onun prezidenti legitim mənbələrdirlər. Onlar özlərinin dezinformasiya yayıcısı rolunda çıxış etmələri “feyk xəbər”i qarşısıalınmaz müşkülə çevrir. Problem qloballaşır. Dövrümüzdə mövcud olan qanlı münaqişələrin, müharibələrin də bir çoxu bu mənbədən qaynaqlanır. Yaxın Şərqdəki yeni müharibə qeyd edilən fikirləri bir daha təsdiqləyir.

“Feyk xəbər” dünya üçün fəlakətə çevrilir

Transmilli KİV-lərdən olan CNN HƏMAS-ın İsrailə hücumu zamanı 40 nəfər körpənin başının kəsilməsinə dair informasiya yayıb ( https://edition.cnn.com/2023/10/12/middleeast/israel-hamas-beheading-claims-intl/index.html ). Xəbər sürətlə yayılaraq Qərb KİV-lərinin manşetinə çıxıb, qlobal informasiya trendinə çevrilib. Zəlzələ effekti verən bu xəbər emosiyaları coşdurub. Təkcə HƏMAS-ı deyil, bütövlükdə Fələstin xalqını beynəlxalq ictimi rəyəin hədəfinə çevirib. Qəzzada həyata keçirilən qisas hücumlarına, mülki şəxslərin kollektiv şəkildə cəzalandırılmasına bəraət qazandırıb. Amma oktyabrın 12-də yayılmış bu xəbər sonradan öz təsdiqini tapmayıb. Bəlli olub ki, körpələrin başının kəsilməsi barədə xəbər yalandır, reallığı əks etdirmir. Xəbərdə əksini tapmış iddiaları isbat etmək üçün əldə heç bir fakt yoxdur. CNN-in müxbiri Sara Sidner oktyabrın 14-də sosial şəbəkə hesablarında post paylaşaraq üzrxahlıq edib. Amma o, özünü qismən təqsirkar sayıb. Qeyd edib ki, xəbəri legitim qurumlara və legitim şəxslərə, daha konkret desək, ABŞ prezidenti Co Baydenin nitqinə istinadla hazırlayıb ( https://www.aa.com.tr/en/world/cnn-reporter-apologizes-for-defending-israeli-claims-that-hamas-beheaded-babies-/3019286 ). Sara yazır ki, "İstifadə etdiyim məlumatı İsrail Baş Nazirin ofisində eşitdim. Sonra prezident Co Bayden bu faktları təsdiqləyən şəkilləri gördüyünü açıqladı. Mən də inandım. Amma bu gün İsrail hökuməti deyir ki, körpələrin başının kəsildiyini təsdiq edə bilməz. Ağ Ev də bəyan edib ki, Bayden uşaqların başının kəsilməsinə dair heç bir fakt və sübut təqdim olunmayıb. Görünür, mən onlara əmin olmamalı idim. Daha diqqətli olmaq lazım imiş”( https://www.aljazeera.com/news/2023/10/12/white-house-walks-back-bidens-claim-he-saw-children-beheaded-by-hamas

CNN əməkdaşı öz yanlışına görə üzrxahlıq etdi. Amma üzürxahlıq “feyk xəbər”in vurduğu zərərləri aradan qaldırmır. ABŞ prezidenti özünün dezinformasiyası ilə bölgədə durumun daha da ağırlaşmasına səbəb olmuşdu. Minlərlə insanın həyatını təhlükə qarşısında qoymuşdu.

Təəssüf ki, son illərdə qlobal səviyyəli feyk xəbərlər intensiv şəkildə paylaşılır və dünyanı fəlakətə sürükləyir. ABŞ rəhbərliyi 2003-cü ildə “İraqda atom silahının hazırlanması və İraq hökumətinin beynəlxalq terrorizmə dəstək verməsi” barədə informasiya yaydılar. Ardınca ABŞ hərbi qüvvəllərini İraqa göndərdilər. Məlumata əsasən, 2003-cü ildən 2011-ci ilə qədər davam etmiş bu müharibədə 1 milyon 33 min nəfərə qədər insan öldürülüb (https://en.wikipedia.org/wiki/Casualties_of_the_Iraq_War ). Amma İraqda kimyəvi silah tapılmadı. ABŞ isə öz səhvinə görə üzrxahlıq da etmədi. Ölkə prezidentləri 10 illərdir ki, oxşar hərəkətləri təkrarlayırlar. Bu gün də eyni apluasındadırlar.

Azərbaycanı hədəf alan dezinformasiyalar

Azərbaycan da qlobal səviyyəli dezinformasiyalardan zərər çəkən ölkələr sırasındadır. Problem 2020-ci ildə-44 günlük mübaribə dövründə daha qabarıq şəkildə göründü. “Laçın yolu” kampaniyası fonunda davam etdi. 19 sentyabr-antiterror tədbirləri zamanı isə pik nöqtəyə çatdı. 44 günlük müharibə dövründə Azərbaycanın guya “suriyalı terrorçular”dan faydalanması barədə saxta xəbərlər yaydılar. Bu feyklər Avropanın, Rusiyanın, İranın siyasi çevrələrinin dillərindən səsləndi. Qərb mediasının səhifələrində əks olundu. İddia öz təsdiqini tapmadı. Bircə fakt, bircə sübut göstərilmədi. Amma həmin saxta xəbərə görə üzr istəyən də olmadı.

Yaşadığımız günlərdə isə ölkəmizə qarşı yönəlmiş feyk xəbərlərin kəmiyyəti daha da çoxalıb. Azərbaycanı Qarabağ regionunda “etnik təmizləmə” prosesi həyata keçirməkdə ittiham edən xəbərlər yayılır. Hansı ki, Azərbaycan torpaqlarının işğal edilməsi də, 30 il müddətində işğal altında saxlanılması da, 44 günlük müharibə və 19 sentyabr antiterror tədbirləri zamanı mülki şəxslərə xəsarətlər yetirilməməsi üçün Azərbaycanın görmüş olduğu tədbirlər də dünyanın gözü qarşısındaydı. Fransa, Almaniya, ABŞ rəsmiləri hansı fakta əsaslanıb Azərbaycanı “soyqırım” və ya məcburi deportasiya aktında ittiham edirlər?

“Politico” nəşrinin yazdığına görə, ABŞ dövlət katibi Entoni Blinken Konqresə xəbərdarlıq edib ki, Azərbaycan yaxın həftələrdə Ermənistana hücum edə bilər ( https://musavat.com/mobile/news/azerbaycan-tezlikle-ermenistana-hucum-edecek-blinken-de-havaya-girdi_1014041.html ). Qondarma xəbərə-“işğala hazırlıq faktı”na istinad edən Blinken Konqres üzvlərinə deyib ki, Dövlət Departamenti daha ABŞ-ın Azərbaycana hərbi yardımına icazə verən sənədin müddətini uzatmayacaq”. Bunu necə şərh etmək olar? Dezinformasiya mahiyyətli bu informasiya ABŞ Dövlət Departamentində istehsal edilibmi? Yoxsa ABŞ Departamenti də Fransa, Avropa Parlamenti və AŞ PA kimi erməni lobbisinin diktəsi ilə hərəkət edir?

Əgər belə çaşqınlıq epizodik hal daşısaydı, yalnız Entoni Blinkenin idarəsində təzahür etsəydi, bəlkə də məslənin üzərindən keçmək olardı. Amma gedişat onu göstərir ki, ABŞ başda olmaqla Qərb ölkələrində Azərbaycana qarşı yönəlmiş dezinformasiya istehsalı sistemli hal alır.

2024-cü ildə ABŞ-də keçiriləcək prezident seçkiləri üçün namizədliyini irəli sürən Vivek Ramasvamy də Azərbaycana qarşı qərəzli ittihamlarla çıxış edib. O, təşviqat xarakterli müsahibəsində ermənilər tərəfindən Gəncə və Bərdə şəhərlərinə raket hücumunun kadrlarını nümayiş etdirərək izləyicilərə yalan məlumat verib. Raket hücumuna məruz qalanların azərbaycanlılar deyil, ermənilər olduğunu bildirib. Mövzu ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev də danışıb və videosüjeti sərt tənqid edib ( https://teleqraf.com/news/siyaset/393802.html ).

ABŞ daxil olmaqla, aparıcı Qərb dövlətlərində istehsal olunan dezinformasiyalar qlobal fəlakətlərə yol açır, bütövlükdə sivilizasiyanı təhdid edir. Bunu ABŞ-ın özündə də görürlər. Donald Tramp “Truth” sosial şəbəkə platformasındakı hesabında yazıb ki, “Prezident Co Baydenin yanlış siyasəti ABŞ-ı üçüncü dünya müharibəsinə yaxınlaşdırır”.

Nə etməli?

Dezinformasiyanın indiki şəkildə intişar etməsi, ABŞ prezidentinin də feyk xəbərlərə istinad etməsi deməyə əsas yaradır ki, saxta xəbər problemi təhlükəli həddə çatıb. Feyk xəbərə qarşı komleks proqramların hazırlanması, qanunvericilik müstəvisində mübarizənin təşkil edilməsi zərurəti yaranıb. Düzdür, ayrı-ayrı dövlətlər tərəfindən təşəbbüslər göstərilir, problemi həll etmək üçün lokal xarakterli addımlar atılır. Məsələn, “dezinformasiyaya qarşı mübarizə qanunu” formasında hüquqi aktlar tətbiq edilir. Amma məsələ lokal yox, qlobal xarakterlidir. Beynəlxalq statuslu dövlətlərarası təşkilatlar mövzuya diqqət çəkməli, təsirli addımlar atmalıdırlar. Dezinformasiyadan zərər çəkən ölkələrin bu təşəbbüslərin önündə durmaları vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR