Ağgöl Milli Parkının direktoru vəzifəsinə işə qəbul üzrə müsahibə keçirilib 

Ağgöl Milli Parkının direktoru vəzifəsinə işə qəbul üzrə müsahibə keçirilib 
# 20 iyun 2019 13:10 (UTC +04:00)

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ağgöl Milli Parkının direktoru vəzifəsinə işə qəbul üzrə müsahibə təşkil olunub.

APA-nın məlumatına görə, müsahibə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyinin, Dövlət Turizm Agentliyinin və Zoologiya İnstitutunun mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçirilib.

Nazirliyin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə jurnalistlərə deyib ki, bu günə qədər Milli parklara direktorluğa namizədliklə bağlı 30-a yaxın şəxs müraciət edib: “Xüsusi olaraq, bu gün Ağgöl Milli Parkında direktor vəzifəsinə vakant yer var. Bu gün müsahibədə kriteriyalara cavab verən namizəd Ağgöl Milli Parkına direktor təyin olunacaq. Müsahibənin nəticəsi isə bu gün və ya sabah qiymətləndirmə aparıldıqdan sonra açıqlanacaq. Eyni zamanda, bu gün müsahibə mərhələsində iştirak edən və kriteriyalara cavab verən digər namizədlərin də adları Nazirliyin kadr bazasına daxil ediləcək. Milli parklarda direktor vəzifəsinə vakant yerlər olduqda isə həmin namizədlərə müraciət olunacaq”.

H. Əlizadə bildirib ki, direktor vəzifəsinə işə qəbul üzrə müsahibədə iştirak edən namizədlər sahəvi biliklər, idarəetmə bacarığı, ümumi dünya görüşü, kollektivlə iş bacarığı, sahə üzrə beynəlxalq bilik və iş təcrübəsi, natiqlik, kompyuter bilikləri meyarları üzrə qiymətləndiriləcək: “Çünki Milli parkların ərazisi kompleks ərazilərdir. Burada həm elmi iş aparılmalı, həm turizm fəaliyyəti inkişaf etdirilməli, həm də mühafizə işi təşkil olunmalıdır. Bu baxımdan da Milli park direktorları kompleks bacarıqları olan şəxslər olmalıdır. Əminliklə deyirəm ki, direktorluğa namizədlər çox açıq, şəffaf və demokratik yolla seçiləcək. Siz media nümayəndələri də bunun şahidi oldunuz. Müsahibə yekunlaşdıqdan sonra komissiya üzvlərinin iştirakı ilə yenidən qiymətləndirmə aparılacaq. Daha sonra isə Ağgöl Milli Parkına direktor təyin edilən şəxsin kimliyi yaxın günlərdə ictimaiyyətə elan ediləcək”.

Müsahibədə iştirak edən Bulud Quliyev müsabiqə barədə mətbuatdan məlumat aldığını bildirib.

Müsahibədə iştirak edən yeganə qadın namizəd Sevil Məmmədli də müsabiqə barədə internetdən məlumat aldığını deyib.

Qeyd edək ki, müsahibə mərhələsində iştirak edən namizədlər Milli parklara direktor seçildikdən sonra görəcəkləri işlər, gələcək planları, dünyagörüşləri barədə geniş məlumat veriblər.

May ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Parklara direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə elan etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR