Arbitraj sazişi üzrə məhkəməyə müraciət proseduru məlum olub

Arbitraj sazişi üzrə məhkəməyə müraciət proseduru məlum olub
# 30 oktyabr 2023 11:12 (UTC +04:00)

Arbitraj sazişi və mübahisənin mahiyyəti üzrə məhkəməyə müraciət edilməsi proseduru məlum olub.

APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Arbitraj haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, arbitraj sazişinin predmeti olan məsələ ilə bağlı qarşısında iddia qaldırılmış məhkəmə, işə mahiyyəti üzrə baxılmasından əvvəl tərəflərdən hər hansı birindən mübahisənin məhkəmədə həll edilməsinə dair etiraz daxil olduqda, arbitraj sazişi aşkar şəkildə etibarsız deyildirsə, aşkar şəkildə qüvvəsini itirməmişdirsə, və ya onun icrasını qeyri-mümkün edən hallar yoxdursa, işi baxılmamış saxlayıb tərəfləri arbitraja yönləndirməlidir.

Belə etiraz isə mahiyyəti üzrə baxılmasından əvvəl daxil olduqda məhkəmə işə mahiyyəti üzrə baxmalıdır.

Etiraz etməmiş tərəf məhkəmə baxışı zamanı yalnız o halda etiraz edə bilər ki, işə mahiyyəti üzrə baxılmasına qədər etiraz edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını sübut etsin. Bu halda məhkəmə həmin etiraza bu Qanunla müəyyən edilmiş qaydada baxmalıdır.

Yuxarıda nəzərdə tutulmuş arbitraj sazişinin predmeti olan məsələ ilə bağlı iddia məhkəmənin icraatında olduğu müddətdə arbitraj icraatı başlana və ya davam etdirilə, habelə arbitraj qərarı qəbul edilə bilər.

Tərəflər arbitraj icraatının başlanmasına qədər və ya arbitraj icraatı ərzində müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi haqqında məhkəməyə müraciət edə və məhkəmə belə tədbirlərin tətbiq edilməsi ilə bağlı müvafiq qərar qəbul edə bilər.

Tərəflər arasında digər razılıq yoxdursa, hüquqi varis arbitraj sazişinin tərəfinə çevriləcək. Layihəyə əsasən, tərəflər arasında digər razılıq yoxdursa, fiziki şəxsin ölümü, hüquqi şəxsin yenidən təşkili və ya maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər halları arbitraj sazişinin ləğvinə və ya artıq təyin edilmiş arbitrin (arbitrlərin) dəyişdirilməsinə səbəb olmur.

Layihəyə əsasən, tərəflər arbitraj icraatının aparılacağı dili və ya dilləri barəsində razılaşmaqda sərbəstdirlər. Belə razılıq olmadıqda arbitraj icraatında istifadə ediləcək dili və ya dilləri arbitraj məhkəməsi müəyyən edir. Tərəflər və ya arbitraj məhkəməsi digər hal nəzərdə tutmamışdırsa, arbitraj icraatının aparılacağı dil və ya dillər tərəflərin istənilən yazılı müraciətinə, arbitraj məhkəməsinin istənilən iclasına, qərarına və digər məlumatlarına şamil edilir.

Arbitraj məhkəməsi istənilən yazılı sübutun tərəflərin razılaşdığı və ya arbitraj məhkəməsinin müəyyən etdiyi dilə və ya dillərə tərcüməsi ilə birlikdə təqdim edilməsi barədə göstəriş vermək hüququna malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR