Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı üzrə təşkil olunan təlim kurslarını başa çatdıran işaxtaran və işsiz vətəndaşların hazırladıqları biznes-planların qiymətləndirilməsi prosesinə başlanılıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qiymətləndirmə prosesi Dövlət Məşğulluq Xidmətinin Bakı Regional Peşə Tədris Mərkəzində aparılır. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri İdris İsayev və Mətin Kərimli iştirak ediblər.
Tədbirdə vurğulanıb ki, BƏT-in baş təlimçisinin iştirakı ilə özünüməşğulluq proqramı üzrə təlimçilər hazırlanıb və onlar özünüməşğulluq proqramında iştirak etmək məqsədilə müraciət edən vətəndaşlar üçün iki aylıq təlim kursları keçirlər. Təlim kursu müddətində iştirakçılar özünüməşğulluq fəaliyyəti üçün seçdikləri sahələr üzrə biznes-plan hazırlamalıdırlar. İndiyədək artıq 52 rayon və şəhər üzrə 71 qrup üzrə 997 nəfər şəxs bu kurslara cəlb olunub. Hazırda müsahibə əsasında təlim kurslarına cəlb ediləcək şəxslərin seçilməsi və onlar üçün təlimlərin təşkili işləri davam etdirilir.
Bildirilib ki, təlim kurslarına cəlb olunmuş vətəndaşlardan 271 nəfəri artıq təlim kurslarını başa vurublar. İki gün davam edəcək bu ilk qiymətləndirmədə də kursları yekunlaşdırmış həmin 271 nəfərdən 8 rayona (Ağcabədi, Bərdə, Beyləqan, Laçın, Hacıqabul, Salyan, Tərtər, Xocavənd) aid 12 qrup üzrə 153 nəfər öz biznes-planlarını müdafiə edəcək. Hazırlanmış biznes-planların 84,4%-i kənd təsərrüfatı, 9,1%-i xidmət, qalanları isə digər fəaliyyət sahələrini əhatə edir. Biznes-planların 3 meyar - biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsasında qiymətləndirilməsi nəzərdə tutulub.
Biznes-planları qiymətləndirmə prosesindən uğurla keçmiş vətəndaşların özünüməşğulluq fəaliyyətinin mal və materiallar formasında dəstəklənməsi üçün müvafiq tədbirlərin görülməsinə başlanacaq. Ailə bizneslərini təşkil etdikdən sonrakı dövrdə də onların özünüməşğulluq fəaliyyəti mütəmadi monitorinqlər vasitəsilə izlənəcək. Onlara öz təsərrüfatlarını inkişaf etdirmələri, uğurlu biznes qura bilmələri üçün müvafiq məsləhətlər, tövsiyələr veriləcək.
Təlim kurslarını bitirmiş digər şəxslərin də biznes-planlarının müəyyən olunmuş vaxtlarda qiymətləndirilməsi təmin olunacaq.
Biznes-planlarını təqdim edən vətəndaşlar qiymətləndirmə prosesinə hazır olduqlarını və biznes-planlarını bacarıqla müdafiə edərək gələcəkdə uğurlu ailə biznesi quracaqlarına əmin olduqlarını vurğulayıblar.