Azərbaycandakı rus həmvətənlərin ictimai təşkilatlarının konfransı keçirilir

Azərbaycandakı rus həmvətənlərin ictimai təşkilatlarının konfransı keçirilir
# 30 may 2016 09:09 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycandakı rus həmvətənlərin ictimai təşkilatlarının ölkə konfransı keçirilir.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib ki, son illər xaricdəki rus həmvətənlərə dəstək Rusiya siyasətinin əsas istiqamətlərindən birini təşkil edib. Səfir ötən il Rusiyada keçirilən Dünya Ruslarının Konfransında Rusiya prezidenti Vladimir Putinin bu siyasətin həmişə prioritet olacağını vurğuladığını qeyd edib: "Rusiyanın xeyrinə çıxan istənilən səsə dəstək veririk. Hazırda Rusiyaya qarşı informasiya müharibəsi gedir. Rusiya siyasi və iqtisadi blokadadır. Azərbaycanda isə rusların yaşaması və işləməsi üçün hər cür şərait yaradılıb".

Rus həmvətənlərin təşkilatlarının koordinasiya şurasının sədri Gülcan Myasoutova bildirib ki, bu il həm də koordinasiya şurasının yaranmasının 20 ilinin qeyd olunması ilə əlamətdardır.

Rus Pravoslav kilsəsinin nümayəndəsi Mifodi Ata isə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edildiyini qeyd edib: "Burada müxtəlif millətlərin və dinlərin nümayəndələri mehriban yaşayır. Ənənəvi dinlərin öz fəaliyyətlərini rahat yerinə yetirməsi üçün ən yaxı nümunələrdən biri elə Bakı Yeparxiyasıdır".

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri Boris Denisov isə rus dilinin inkişafı üçün mərkəzin həyata keçirdiyi layihələrdən danışıb.

Daha sonra çıxış edən Milli Məclisin üzvü, Azərbaycandakı Rus İcmasının rəhbəri Mixail Zabelin bildirib ki, Azərbaycanda multikulturalizm özünəməxsus, Azərbaycansayağı multikulturalizmdir: "Biz başqa ölkələrin də özlərini multikultural ölkə elan etdiyini görürük. Lakin son illərdə şahidi olduq ki, bəzi ölkələrdəki multikulturalizm özünü doğrultmur. Biz heç vaxt görmədik ki, Azərbaycanın çətin vaxtlarında burada yaşayan xalqların hüquqlarını pozacaq bir addım atılsın".

Konfransın sonunda yekun sənəd qəbul olunacaq.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR