Bakı. Cavid Zeynallı - APA. Türkiyə Böyük Millət Məclisinin üzvü Səid Yücenin APA-ya müsahibəsi
- Azərbaycana səfərinizin məqsədi nədir?
- Bir neçə ay əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla səfərə gəlmişdik. O vaxt Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov və digər vəzifəli şəxslərlə tanış oldum. Bu dəfə səfər etməkdə məqsədim ötən səfərdə tanış olduğum insanlarla təkrar görüşmək istəyidir. Bakıda dostlarım, qardaşlarım var, onlara da baş çəkdik, görüşdük. Dünyada baş verən hadisələr göstərir ki, bu bölgədə vacib siyasi və iqtisadi dəyişikliklər olur. Təbii ki, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə ən yüksək səviyyədə münasibətlər mövcuddur. İki ölkənin ruhən, qəlbən bir yerdə olmağından narahat olan qüvvələr çoxdur. Çox şükür, Türkiyədə son vaxtlar baş verən hadisələri törədənlər məqsədlərinə çatmadılar. Azərbaycan və Türkiyənin sözün bütün mənalarında yan-yana olması lazımdır, qardaşlıq, dostluq münasibətlərini hər zaman qorumalıyıq. Belə olarsa, bütün düşmənlərimizə qarşı uğurla mübarizə apara bilərik. Əslində səfərə gəlməkdə məqsədim həm də bu fikirlərimi Azərbaycandakı qardaşlarımla bölüşmək istəyidir. FETÖ-nün əsl üzünü köhnə qəzetçi, indiki millət vəkili olaraq hər zaman göstərmişəm. Keçmişdə insanlar bu mövzuya o qədər də maraq göstərmirdilər, amma bu təşkilatın əsl üzünü dekabr-iyul aylarında görəndən sonra bizim dediklərimiz daha qiymətli oldu. İnsanlar gördü ki, din və təhsil adı altında gizlənən insanlar bunu pərdə və kamuflyaj kimi istifadə edib. İslamiyyət həqiqətən sülh, barış, qardaşlıq dindir. Bu gün “Əl-Qaidə”, İŞİD kimi zərərli təşkilatlar “Qurani-Kərim”i oxuyur, İslam dəyərlərini bilir, amma buna rəğmən cinayət törədirlər. Bu, İslamın yox, onu məqsədinə alət edən cinayət şəbəkənin günahıdır. FETÖ məsələsində də eynən belədir. Dində birləşdirən qüvvə var, ondan istifadə edib insanları öz məqsədlərinə alət etdilər. Ailələr övladlarının yaxşı təhsil alıb gələcək qurması üçün fədakarlıq edirlər. Bunun üçün də təşkilat öz gizli məqsədini həyata keçirmək üçün məktəblər açdı, pərdə arxasında başqa şeylər etdilər. Hansı ölkədə məktəb açdılarsa, o ölkənin polis, hərb, iqtisadiyyat və ağlınıza gələn bütün sahələrinə sızdılar.
- Çünki təhsil vasitəsi ilə bütün sahələrə nüfuz etmək daha rahat olur...
- Əlbəttə, bunun ən rahat yolu təhsil sistemindən keçir. Yanlış bir məqam var: Türkiyə ictimaiyyəti bunları “nurçu” zənn edirdi. Güman edirəm, Azərbaycan cəmiyyəti də onları bu cür qəbul edirdi.
- Maraqlı məqama toxundunuz. FETÖ-çü, “nurçu” və “Hizmet hərəkatı” anlayışlarının fərqindən danışmağınızı istərdik. “Fətullahçılar” “nurçular”dırmı?
- “Fətullahçılar” əsla “nurçu” deyillər. Bədiüzzaman Səid Nursi həzrətləri 6 min səhifə “Quran” təfsiri yazıb. Bu əsərləri incələsək, görərik ki, bunlar bir-birindən tamam fərqli şeylərdir. Səid Nursi 1877-1960-cı illərdə yaşayıb. O, təkcə din alimi yox, həm də vətən qəhrəmanı olub. Məsələn, Bitlis, Van və Muş vilayətlərinin ermənilərdən azad olunmağında iştirak edib, 1916-cı ildə ruslara əsir düşüb və iki il yarım həbsdə yatıb. Kommunist inqilabı olandan sonra Bolqarıstandan keçib İstanbula gəlib. İstanbula gələndən sonra hərbiyə naziri Ənvər paşa Səid Nursiyə qəhrəmanlıq medalı verib. Həmin medal İstanbul muzeyində saxlanılır. 1920-ci ildə İngilislər İstanbulu işğal edəndə Səid Nursi ingilislərə qarşı hərəkat başladıb, milli mücadiləyə ciddi dəstək verib. Mustafa Kamal Atatürk və dostları Səid Nursini gizli, şifrəli teleqraflarla Ankaraya dəvət ediblər. 1922-ci ildə o, məclisdə çıxış edib, alqışlarla qarşılanıb. Said Nursi eyni zamanda İslam coğrafiyasının problemini 1907-ci ildə Sultan Əbdülhəmidə söyləyib. Onun 110 il əvvəl dedikləri bu gün də aktualdır. Səid Nursi deyirdi ki, bizim üç düşmənimiz var: cəhalət, kasıblıq, münaqişə. İllər keçib, təəssüf ki, hələ də müsəlmanlar bu üç “xəstəlik”dən əziyyət çəkir. Həqiqətən islam barış dinidir, məzhəblərarası münaqişələr bizə yalnız ziyan gətirir. Mən Türkiyə Böyük Millət Məclisində həm İnsan Haqları Komitəsinin, həm də Ailə Birliyinin Qorunması və Boşanmaların Qarşısının Alınması Komitələrinin üzvüyəm. Bu gün polis, məhkəmə, ordu, qanun var, amma buna rəğmən cinayətlərin sayı yenə azalmır. Bunları necə azalda bilərik? Səid Nursi deyir: həqiqi mənada Allaha və axirətə inanıb kainatın yarıdıcısına hesab verməli olduğumuzu bilməliyik. Bu, qəlblərə yol taparsa, onda polisə, məhkəməyə ehtiyac olmayacaq. Yəni insan vicdanı ilə cinayətdən uzaq dayanacaq. Səid Nursi və “nurçular” bunu deyir. Bu insanlar sadəcə, Allah rizası üçün çalışır, dünyəvi-siyasi məqsəd güdmürlər. Heç vaxt deməzlər ki, mən bu kürsüyə oturum, vali, məktəb müdiri bizdən olsun. Təbii ki, yaxşı təhsil görən adam vali də ola bilər, jurnalist də, həkim də. Bu, tamam ayrı məsələdir. Amma bunun təşkilati şəkildə olmasının “nurçuluğ”a yaxından-uzaqdan bağlılığı yoxdur. Səid Nursinin həyatındakı ən vacib məqam budur ki, o vəfat edəndə çox az pulu, bir cüt ayaqqabısı, bir neçə geyimi, çaydanı qalıb. Yəni onun dünya malı adına heç bir şeyi olmayıb. Öz qardaşından belə bir hədiyyə alardısa, onun qarşılığını verərmiş. FETÖ-çülər isə davamlı olaraq ümmət adı altında ondan-bundan pul toplayıblar. Yenə təkrar edirəm, “nurçuluğ”un FETÖ-çülərlə qətiyyən bağlılığı yoxdur. Başqa bir tərəfdən, “nurçuluq”da şəffaflıq olub, FETÖ-çülərdə isə gizlilik, kod adları var. Bu PKK-da da var. Məsələn, adamın adı Əhməd, kod adı Kamildir.
- Bəs bu yanlış anlaşma nəyə görə oldu? “Nurçular”la FETÖ-çülər nəyə görə eyniləşdirildi?
- FETÖ 1960-cı illərin sonunda yaranmağa başlayanda Türkiyədə “nurçular”ı, İslamiyyəti, “Quran”ı da istismar edirdilər. “Nurçular” Türkiyədəki keçmiş siyasi iqtidarları sadəcə, dəstəkləyiblər. Onların gözəl fəaliyyətlərini təqdir ediblər. Yanlış bir şey olubsa da, sadəcə, etiraz ediblər. Ayağa qalxmağa ehtiyac olmayıb. 1971-ci ildə İzmir Məhkəməsi 16 nəfərin işinə baxıb. Onların içində Fətullah Gülən də olub. On beş nəfər “nurçu” olduğunu söyləyib, bircə Fətullah Gülən deyib ki, mənim “nurçular”la əlaqəm yoxdur. Siz Azərbaycanda da onların “biz nurçuyuq” dediyini eşitməyibsiniz. Çox şükür, onların “nurçu” olmadığı fərq edildi. Sevinirəm ki, bu Azərbaycanda da fərq edilib.
- FETÖ-çülər insanları hansı yollarla təsir altına alıblar?
- Onların heç vaxt kasıb insanlarla işləri olmayıb. Mövqe sahibləri, pullu insanlar və zəkalı uşaqlarla maraqlanıblar. Əgər sən Allah rizası üçün iş görürsənsə, ilk növbədə imkansız insanları nəzərə almalısan. Onlar evliliyi belə strateji məqsəd üçün istifadə ediblər. Gənc, savadlı, yaraşıqlı uşaqları Avropada oxutdurub sonra onları imkanlı, vəzifəli ailələrin qızları ilə evləndiriblər. Belə olanda həmin ailələri daxildən təsir altına alırlar. FETÖ-çülər İngiltərədə ateistlərin toplantısına gediblər. Orda Allahdan, peyğəmbərlərdən yox, tamam başqa məsələlərdən bəhs ediblər. Yaxud Belçikada kilsədə toplantı keçiriblər. Yəhudilər, xristianlar öz dini ayinini, mərasimini edirmiş. Müsəlmanlara da deyirlər ki, siz azan oxuyun. Xristianlardan, yəhudilərdən ayıb olmasın deyə, azanda “Məhəmmədən Rəsulallah”ı deməyiblər. Türkiyədə videosu yayıldı, böyük müzakirələr, mübahisələr yaratdı. Cavab verdilər ki, onu unutmuşuq. Yüz illərdir azan oxunur, kimsə “Məhəmmədən Rəsulallah”ı unutmur, siz unutdunuz? Deməli, öz məqsədləri üçün qarşılarında olan adamları guya incitmək istəməyiblər.
- Türkiyə cəmiyyəti və dövləti FETÖ-çülərin əsl mahiyyətini niyə bu qədər gec anladı? Türkiyə kəşfiyyat xidmətinə görə ən yaxşı ölkələrdən biridir...
- Mənim bir qohumum var, onların ən vacib şəxslərindən biri olub. Sonra başa düşdü, uzaqlaşdı. Daha doğrusu, o, xidmət etdiyi təşkilatın səhv yolda olduğunu görüb mübarizə aparırdı, uzaqlaşdırdılar. Həmin adam vaxtilə Azərbaycana, Afrika ölkələrinə çanta dolu pulla gəlib məktəb açan insandır. Mən ondan soruşdum ki, sizinkilər hər tərəfə necə yol tapıblar? Cavab verdi ki, biz getdiyimiz ölkənin Amerika səfirliyində görüş keçirib deyirik, sizin dostlarınız bizim dostlarımız, sizin düşmənləriniz bizim düşmənlərimizdir. Dünyada bu qədər böyük təsiri olan Amerika onlara dəstək olmasaydı, bu iş asan başa gəlməzdi. Amerikan gücləri hər yerdə onlara yol açıb. Başqa bir tərəfdən, onların nümayəndələri Avropa hakim dairələrində təmsil olunmuş şəxslərlə əlaqə qurub, Türkiyəyə dəvət edib, hədiyyələr verərək ələ alıblar. İndi Türkiyənin həm Avropa Şurasında, həm Amerika Konqresində, həm də Qərb mediasındakı sıxıntısının səbəbi budur. Çünki hər zaman Türkiyəni orda pisləyiblər.
- Amma onlar vaxtilə Türkiyə hakimiyyətinin referansı ilə o yerlərə gediblər...
- Bəli, doğru deyirsiniz. Keçmiş dövlət başçıları Turqut Özal, Süleyman Dəmirəl müxtəlif ölkələrə məktublar yazıblar. Məsələn, Heydər Əliyevə də, Amerikanın o dövrdəki prezidentinə də məktublar göndərilib. Niyə? Bizi də inandırmışdılar, aldatmışdılar. Rəcəb Tayyib Ərdoğan səmimi, açıq şəkildə dedi ki, qüsura baxmayın, biz aldanmışıq, üzr istəyirik. Qeyri-hökumət təşkilatlarının, camaatlıqların hamısı zərərli deyil. Onların vətəni sevənlərinə, ölkəsinə bağlı olanlarına dəstək göstərmək lazımdır. Çünki din bir ehtiyacdır, sosial bağdır. Onu insan alət etmirsə, köməklik göstərmək vacibdir. Camaatlıqlar açıq, şəffaf olmalıdır, gizli fəaliyyət göstərməməlidir.
- İndi Türkiyə cəmiyyətində ən çox müzakirə olunan və narahatlıq doğuran günahsız insanların da işdən azad olunması, bəzən həbsə atılması, məsələnin kampaniya halını almasıdır....
- Doğrudur. Çünki dövlət refleks göstərdi. Çox insan vəzifədən kənarlaşdırıldı. Artıq bizim prezidentimiz və baş nazirimiz buna münasibət bildiriblər. Prezident bildirdi ki, dövlət ədalətli olmalıdır. Ona görə də bununla bağlı məsələlərə təkrar baxılır, yanlışlıqlar düzəldilir. Məhkəmələr o insanların işinə baxır. Məsələn, sadəcə, hesaba pul köçürən, uşağı həmin təşkilatın məktəbində oxuyanları cəzalandırmırlar. 2014-cü ilin yanvarından sonra insanlara tövsiyə olunur ki, uşaqlarınızı onların məktəblərindən çıxarın, pulunuzu onların banklarından geri alın. Xeyli insan bu tövsiyələrə inanıb geri addım atdılar. Amma təəssüf ki, ayılmayan insanlar da oldu. Hər halda son iki həftədə bu proseslə bağlı xeyli aydınlamalar oldu.
- Sizcə Amerika Fətullah Güləni Türkiyəyə təslim edəcəkmi?
- Ehtimal etmirəm. Çünki hər ölkədə onların ciddi işlərinə yarayırlar. Amerika kimi dövlətlər gücə baxırlar. 15 iyuldan sonra Türkiyədə Rəcəb Tayyib Ərdoğana dəstək daha da artdı. Atatürkçülər, solçular, MHP-çilər Ərdoğana dəstək verdilər. Uzun müddət bu bölgədə Türkiyə ilə yan-yana olması Amerikanın xeyrinədirsə, o zaman Fətullah Güləni verər. Verməsə belə, başqa şəkildə, başqa ölkəyə yox edə bilər. İndiyə qədər ondan istifadə ediblər, işlərinə yarayıb. İndən sonra işlərinə yarayacağına inanmıram.
- İnsan Haqları Komitəsinin üzvüsünüz. Türkiyə son hadisələrdəki həbslərdən sonra beynəlxalq təşkilatların ittihamlara məruz qalıb. Bu haqda nə deyə bilərsiniz?
- Amerikanın və Qərbin tarixinə baxsaq, görərik ki, böyük müharibələr və qətliamlar olub. Fransa Afrikada cəza evi tikib, İngiltərə bütün dünyada sümürgənlik edib. Bu gün Türkiyə üç milyona yaxın suriyalıya qapılarını, bağrını açıb, şərt qoymadan hər cür fədakarlıq edir. Amma Avropa divarlar hörməyə başlayıb. İnsanlıq bu deyil. Bizi günahlandıranların nə dediyinə yox, nə etdiyinə baxmaq lazımdır. Əgər FETÖ-çülərlə bağlı bu ittihamlar səslənirsə, mən millət vəkili olaraq, o gecəni yaşamış adamam. Türkiyə tarixində çevrilişlər olub, amma heç vaxt havadan mülki şəxslərin, silahsız insanların başına bomba töküb, Böyük Millət Məclisini bombalamayıblar. Bunları edənə qarşı hansı şəkildə davranmaq lazımdır? Bu gün Amerikanın başına bu hadisələr gəlsə, nə edər? Amerika terrorist dediyi adamları havadan götürüb Quantanamoya (Amerikanın Kubada yerləşən həbs düşərgəsi - red) aparır. Türkiyə ölkəsini, millətini qorumaq üçün lazım olan bütün tədbirləri gördü və buna davam edəcək.
- Azərbaycanda FETÖ təhlükəsi varmı?
- Ciddi mənada problem yaradacaqlarını ehtimal etməsəm də, belə bir təhlükənin olduğunu deyə bilərəm. Çünki Türkiyədən sonra ən çox təşkilatlandıqları ölkə Azərbaycandır. Azərbaycan kəşfiyyatının onların sızdığı qurumlara, yerlərə diqqət ayırmasında fayda var. Sadəcə, tədbirlərdə iştirak, uşağını onların məktəbində oxutmaq bir şey deyil. Lakin belə insanlar vəzifədədirlərsə, onların azad edilməsində fayda var. Çünki onların ən böyük özəllikləri özlərini gizlətmələridir. Düzdür, Türkiyədə ayaqları kəsilibsə, burda bir şey edə bilməzlər. Eyni zamanda mən Azərbaycan rəsmiləri ilə, xüsusilə prezidentin köməkçisi Əli Həsənovla görüşdə onlara qarşı lazımlı mübarizə aparması ilə bağlı məlumat aldım. Azərbaycan bu istiqamətdə çox qətiyyətli addımlar atıb və davam edir. Hər halda, diqqətli, tədbirli olmaq lazımdır.
- Türkiyə Azərbaycana bununla bağlı bir siyahı təqdim edibmi? Bu istiqamətdə məlumatları Azərbaycanla bölüşübmü?
- Bunu dəqiq deyə bilmərəm. Ümumən bilirəm ki, bizim Xarici İşlər Nazirliyi səfirliklər vasitəsi ilə bütün ölkələrin əlaqədar qurumlarına bilgi verilib. Bunlara diqqət edilməsi lazımdır. Mən Azərbaycan rəsmiləri ilə görüşlərdə gördüm ki, lazım olan tədbirləri görüblər. Bu sevindirici bir şeydir. Azərbaycan və Türkiyə nə olur-olsun, dostluq və qardaşlığını qorumalıdır. Allahın izni ilə 2017-2018-ci illərin Türkiyə və Azərbaycan üçün gözəl illər olacağını, bahar çiçəkləri açacağını ümid edirəm.