Bakı. Hafiz Heydərov – APA. Müdafiə Nazirliyi "Qızıl ulduzlu qəhrəmanlarımız" silsiləsindən hərbi-vətənpərvərlik tədbirlərinə start verib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Namiq Abdullayevin xatirəsinə həsr olunmuş ilk tədbir Ağcabədi rayonunda keçirilib. Əvvəlcə Müdafiə Nazirliyinin rəsmiləri, Beyləqan, Füzuli, Ağcabədi bölgələrində ön səngərdə xidmət edən hərbi qulluqçular, eləcə də rayon ictimaiyyətinin nümayəndələri və şəhidin doğulduğu Avşar kəndinin ağsaqqalları, ziyalılar, müharibə əlilləri, veteranlar, şəhid valideynləri kənd qəbiristanlığına gedərək 1993-cü il fevralın 9-da Xocavənd uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş N.Abdullayevin məzarını ziyarət ediblər. Ön səngərdən gələn əsgərlər Milli Qəhrəmanın məzarı önündə bundan sonra da Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcəklərinə and içiblər.
Sonra şəhidin ailəsi ilə görüş keçirilib. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi və Milli Qəhrəmanın ölümündən sonra təltif edildiyi "Fədai" medalı şəhidin ailəsinə təqdim olunub.
Əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə keçirilən anma mərasimi Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində davam edib. Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının, tanınmış incəsənət xadimlərinin iştirakı ilə təqdim edilən ədəbi-musiqili rekviyem-kompozisiya tamaşaçılarda böyük maraq doğurub. Xalq artisti Pərvanə Qurbanova, əməkdar artist Sevinc Sarıyeva və başqalarının çıxışları alqışlarla qarşılanıb.